2016-05-18

Latviya Prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həllində Latviya Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək

Mayın 17-də Latviya Prezidentinin Yurmaladakı iqamətgahında Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov etimadnaməsini ölkə Prezidenti Raymonds Veyonisə təqdim edib.

Rəsmi mərasimdən sonra keçirilən görüşdə Prezident Raymonds Veyonis Azərbaycanın böyük dostu olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Latviya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

R.Vayonis ekologiya naziri və müdafiə naziri qismində Bakıya səfərləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşləri məmnunluqla xatırlayıb.

Azərbaycan səfiri Cavanşir Axundov səmimi qəbula görə təşəkkürünü bildirərək Prezident İlham Əliyevin Latviya Prezidentinə salamlarını çatdırıb. C.Axundov qeyd edib ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Latviyanın sarsılmaz mövqeyini yüksək qiymətləndirir. İkitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən C.Axundov Seymin spikeri İnara Murnietsenin, Riqa meri Nil Uşakovun Bakıya qarşıdakı səfərlərini, həmçinin Riqada ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini diqqətə çatdırıb. Səfir 2017-ci ildə Latviyada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Prezident R.Veyonis 2017-ci ildə Azərbaycana səfər etmək istədiyini bildirib. Səfər çərçivəsində Azərbaycan-Latviya biznes-forumunun keçirilməsi də planlaşdırılır. Latviya Prezidenti Azərbaycan Prezidentinə ən xoş arzularının çatdırılmasını xahiş edib.

Görüşdə vurğulanıb ki, iqtisadi əlaqələrin inkişafı üçün nəqliyyat sahəsində ikitərəfli münasibətlərin genişləndirilməsi mühüm rol oynayır. Cavanşir Axundov Azərbaycanın əlverişli coğrafi mövqeyinin Avropa və Asiya arasında yüklərin daşınmasında əhəmiyyətli rol oynamağa imkan verdiyini qeyd edib. Azərbaycan Latviya üçün maraqlı və faydalı olacaq “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında fəal iştirak edir.

Prezident R.Veyonis 2002-2011-ci illərdə ekologiya naziri olarkən Azərbaycan və Latviya bələdiyyələri arasında əməkdaşlığın təməlinin qoyulduğunu bildirib.

R.Veyonis Azərbaycan və Latviya arasında daimi əsaslarla aviareyslərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edərək, turizm sahəsində də əlaqələrin genişləndirilməsinə diqqət yetirib. O, Prezident yanında Milli Azlıqlar üzrə Məsləhətçi Şuranın sədri Roman Əliyevin işini vurğulayıb. R.Vayonisin fikrincə, R.Əliyev etnik, mədəni, dil və dini tolerantlıq üzrə dialoq üçün var qüvvə ilə çalışır.

Səfir Cavanşir Axundov Latviya Prezidentini Dağlıq Qarabağ münaqişəsi zonasındakı son vəziyyət barədə məlumatlandırıb. Prezident Raymonds Veyonis vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Latviya Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyəcək.

Arxiv üzrə axtarış