2016-05-28

Riqada 28 May – Respublika Günü qeyd olunub

Cari ilin 27 may tarixində Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycanın buradakı Səfirliyi tərəfindən 28 May - Respublika günü münasibətilə rəsmi qəbul təşkil edilib. Mərasimdə Latviya Respublikasının Nazirləri, yüksək səviyyəli rəsmiləri, Latviya Parlamentinin deputatları, xarici ölkələrin Riqadakı Səfirləri və səfirliklərin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, diaspor üzvləri və KİV nümayəndələri iştirak ediblər. Xüsusi qonaq qismində Latviyanın sabiq Prezidenti Valdis Zatlers xanımı Lilita Zatlerslə birgə tədbirdə iştirak ediblər. Tədbirdə 14 musiqiçidən ibarət yerli orkestr Azərbaycan və Latviyanın milli musiqilərini ifa edib.

Azərbaycanın və Latviya dövlət himnləri səsləndirilib.

Azərbaycanın Latviyadakı Səfiri Cavanşir Axundov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, dövlət müstəqilliyimizin tarixindən və qısa müstəqillik dövründə əldə edilən yüksək nailiyyətlərdən danışmışdır.

Daha sonra Səfir C.Axundov çıxış edərək Sovet İttifaqının dağılması nəticəsində 1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyi haqda danışmışdır. Səfir o dövrdə ölkəmizin böyük itkilər verdiyini, xaos, anarxiya, iqtisadi və siyasi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi barədə qonaqlara məlumat vermişdir.

Öz nitqi zamanı Səfir C.Axundov ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindən, qazanılan uğurlardan bəhs edib. Diplomat, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar barədə geniş məlumat verib. Səfir çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində atılan addımlar və rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi haqqında da fikirlərini bölüşüb.

Çıxışın sonunda Səfir C.Axundov Latviyanın sabiq Prezidenti V.Zatlerslə birlikdə rəmzi olaraq Azərbaycan və Latviya bayraqlarının əks olunduğu tortu kəsiblər.

Tədbirdə ölkəmizlə bağlı maraqlı təbliğat xarakterli video çarxlar da nümayiş etdirilib.

 

 

 

Arxiv üzrə axtarış