2016-06-08

Latviya Azərbaycana Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi baxır

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundovun və Latviyanın rabitə naziri Uldis Auqulisin görüşündə Azərbaycan və Latviya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın gələn həftə nəzərdə tutulan iclasının məsələləri müzakirə edilib.

Səfiri yeni təyinat münasibətilə təbrik edən nazir U.Auqulis Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərin, o cümlədən nəqliyyat sahəsində münasibətlərin səviyyəsindən razı qaldığını bildirib. O qeyd edib ki, Latviya Azərbaycana Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi baxır.

Səmimi qəbula görə təşəkkür edən səfir C.Axundov nəqliyyat və logistika sahəsində Azərbaycanın potensialı, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin, Astarada yük terminalının imkanları barədə məlumat verib. O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Əlaqələndirmə Mərkəzinin yaradılması barədə ilkin razılaşma əldə olunub.

Nazir U.Auqulis “ZUBR” konteyner zavodundan və bu layihə vasitəsilə Latviyanın İpək Yoluna qoşulması imkanlarından danışıb. Nazir vurğulayıb ki, Latviyanın nəqliyyat infrastrukturu – limanları, dəmir yolu vasitəsilə Azərbaycandan Avropa İttifaqına ixracın həcmini artırmaq üçün böyük imkanlar var. Latviya Azərbaycanın istehsalı olan mallara maraq göstərir. U.Auqulis deyib ki, Latviya limanları Azərbaycanın neft və neft məhsulları, metal, maşınqayırma, kimya sənayesi məhsulları, meyvə-tərəvəz, çay və digər kənd təsərrüfatı məhsulları kimi eksport mallarını emal etməyə qadirdir.

Səfir C.Axundov vurğulayıb ki, Latviya öz məhsulunu satmaq üçün Azərbaycan vasitəsilə yeni bazarlara, o cümlədən İran, Türkiyə və Pakistana çıxış əldə edə bilər.

Arxiv üzrə axtarış