2016-07-08

Latviyanın və Azərbaycanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

İyulun 7-də Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Valmiyera şəhərinə tanışlıq səfəri edib.

Valmiyeranın meri Yanis Bayks səfirə şəhərin iqtisadi inkişaf perspektivləri haqqında məlumat verib. O, Valmiyeranın Azərbaycanın Siyəzən şəhəri ilə qardaşlaşdığını xatırladıb. Bildirib ki, hər iki şəhər dostluq əlaqələrinin həyata keçirilməsi üçün qarşılıqlı mübadilə aparır. Mer vurğulayıb ki, iqtisadi əlaqələrin gələcəkdə genişləndirilməsi üçün mövcud potensialı inkişaf etdirmək vacibdir.

Cavanşir Axundov Valmiyera şəhərinə səfərinin qarşılıqlı əlaqələrin inkişafına yeni impuls verəcəyinə əminliyini bildirib. Səfir Azərbaycan və Latviya arasında regionlararası səviyyədə də əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Diplomat bu yaxınlarda Riqada Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun və Latviyanın nəqliyyat naziri Uldis Auqulisin rəhbərliyi ilə keçirilmiş iclas barədə məlumat verib. Bildirib ki, iclasda imzalanmış yekun protokolun maddələrindən biri nəqliyyat sahəsində, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığı nəzərdə tutur.

Görüş zamanı “Valmiyera – düşünür və yaradır” adlı təqdimat da keçirilib. Təqdimatda qeyd edilib ki, kimya və toxuculuq sənayesi, metal emalı, ərzaq istehsalı, tikinti, mebel istehsalı Valmiyerada ən inkişaf etmiş biznes sahələridir.

Həmin gün səfir Valmiyera süd kombinatına baş çəkib. Bu, istehsal həcminə görə Vidzemedə ən böyük və ölkədə ikinci kombinatdır. Diplomat mebel istehsalı müəssisəsinə, Valmiyeramuyja pivə zavodlarında da olub.

Vidzeme Tətbiqi Elmlər Universitetində prorektor, turizm üzrə ekspert Andris Kleypers bildirib ki, bu yaxınlarda səfərdə olduğu Bakı şəhəri onda unudulmaz təəssürat yaradıb. O, Bakının eksklüziv turizm obyekti kimi cəlbedici olmasını qeyd edib.

A.Kleypers ali məktəb haqqında məlumat verərək qeyd edib ki, universitetdə altı təhsil istiqaməti - biznes idarəçiliyi, informasiya texnologiyaları, mühəndis ixtisası, kommunikasiya və media, politologiya və turizm üzrə tədris aparılır. Prorektor vurğulayıb ki, universitetin kollektivi Azərbaycan ali məktəbləri ilə birgə proqram, o cümlədən tələbə və müəllim mübadiləsi istiqamətində proqramları həyata keçirməyə şad olardı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Arxiv üzrə axtarış