2016-09-02

Latviyanın sabiq Baş naziri V Qlobal Bakı Forumunda iştirak etmək niyyətini bildirib

Sentyabrın 1-də Latviya Seymində bu ölkənin sabiq Baş naziri, Seymin deputatı Laymdota Strauyuma Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb. Görüşdə Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin iştirak ediblər.

Görüşdə V Qlobal Bakı Forumuna hazırlıq məsələləri, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və əməkdaşlıq əlaqələri müzakirə olunub.

Latviyanın sabiq Baş naziri L.Strauyuma qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu elmi mərkəzdir. Qloballaşma prosesinin, demokratik institutların, XXI əsrdə iqtisadi vəziyyətin, texnoloji inqilabın və digər mühüm məsələlərin öyrənilməsində mərkəzin əhəmiyyətini vurğulayıb. L.Strauyuma V Qlobal Bakı Forumunda iştirak etmək niyyətini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov həm Latviyada, həm də bütün Avropada Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə danışıb.

Arxiv üzrə axtarış