Riqada Avropa İttifaqı-Azərbaycan strateji tərəfdaşlığına dair sazişlə bağlı müzakirələr aparılıb
Riqada akkreditə olunmuş Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrin xarici nümayəndəlik rəhbərlərinin iştirakı ilə Latviya xarici işlər naziri Edqars Rinkeviçsin şərəfinə İsveçrənin Latviyadakı səfirliyi tərəfindən işçi nahar təşkil olunub. Görüşdə Latviya tərəfindən nazir E.Rinkeviçslə yanaşı, Latviya Xarici İşlər Nazirliyinin İkitərəfli Münasibətlər Direksiyasının rəhbəri və xarici işlər nazirinin müavini Margers Krams, nazirin müşaviri Martinş Dregeris və digərləri iştirak ediblər. Azərbaycan tədbirdə müvəqqəti işlər vəkili Gəray Muradov tərəfindən təmsil olunub.
Tədbirin açılış nitqini söyləyən isveçrəli səfir Markus Datli nahar iştirakçılarını salamlayıb və sözü nazir E.Rinkeviçsə verib.
E.Rinkeviçs Latviyanın xarici siyasəti, Aİ xarici siyasətinin prioritetləri, terrorizmə qarşı mübarizə, təhlükəsizlik, “ZUBR” yük qatarı, nəqliyyat dəhlizləri kimi məsələlərə toxunub.
İştirakçılar tərəfindən verilən sualları cavablandıran E.Rinkeviçs Suriyadakı vəziyyətə toxunaraq münaqişənin region ölkələrinin iştirakı ilə və yalnız siyasi yolla həllinin mümkün olduğunu söyləyib. Suriyadakı atəşkəs rejiminin pozulmasını təəssüflə qarşılayan nazir bu ölkədəki mövcud vəziyyətin yaxşılaşdırılması, sülh danışıqlarının bərpa olunması və humanitar yardımın çatdırılması üçün tərəflər arasında atəşkəsin yenidən əldə olunmasının vacibliyini vurğulayıb.
Nazir Aİ-nin xarici sərhədlərinin möhkəmləndirilməsinə xüsusi fikir verilməli olduğunu qeyd edib. O, Aİ ilə NATO arasındakı əməkdaşlığın Varşava Bəyannaməsi əsasında davam etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir, həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının islahatına dəstəyini ifadə edib. O, Şuranın daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasının zəruriliyini vurğulayıb, hazırkı daimi üzvləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi hallarda öz veto hüququndan istifadə etməkdən çəkinməyə çağırıb.
Avropa İttifaqının Şərq Tərəfdaşlığına toxunan E.Rinkeviçs Ukrayna və Gürcüstan ilə vizasız gediş-gəliş rejiminin tətbiqi istiqamətində irəliləyiş, Azərbaycanla Aİ arasında sazişlərin hazırlanması, Aİ ilə Belarus arasında danışıqlar barədə söhbət açıb.
E.Rinkeviçs G.Muradovla söhbəti zamanı Latviya Seyminin sədri xanım İnara Murnietsenin Bakıya hazırkı səfəri, eləcə də planlaşdırılan digər yüksək səviyyəli səfərlər haqda məlumat verib.
Tərəflər Azərbaycan tərəfindən baxılmağa təqdim olunmuş Aİ-Azərbaycan strateji tərəfdaşlığına dair saziş ətrafında fikir mübadiləsi də aparıblar.