2016-10-04

Xarici işlər naziri Elmar Məmmədyarov Latviya Seyminin sədri xanım İnara Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xanım İnara Murniese Azərbaycana səfəri çərçivəsində ölkəmizdəki inkişafa və Bakı şəhərinin gözəlliyinə heyranlığını ifadə edərək, nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü ifadə etdi.

Görüş zamanı Azərbaycan-Latviya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıldı. Xanım İnara Murniese ölkəsinin Azərbaycanın Aİ ilə hərtərəfli əməkdaşlığını dəstəklədiyini bildirdi.

Görüşdə parlamentlər arası əlaqələrin genişləndirilməsi və parlament diplomatiyasının əhəmiyyətinə də toxunuldu. Xanım İnara Murniese Latviya Parlamentində Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinin çox fəal olduğunu qeyd etdi.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə bağlı aparılan son danışıqlar barədə ətraflı məlumat verərək, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsi cəhdinin qəbuledilməz olduğunu vurğuladı.

Xanım İnara Murniese Latviyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəklədiyini bildirdi.

Nazir Elmar Məmmədyarov Latviyanın münaqişə ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsinə görə təşəkkürünü ifadə etdi. O, həmçinin Latviya Parlamentinin 53 üzvünün iştirakı ilə Xocalı soyqırımına dair bəyanatın qəbul olunmasının yüksək qiymətləndirildiyini vurğuladı.

Görüşdə iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olundu.

Arxiv üzrə axtarış