2016-10-05

“Otkrıtıy qorod” jurnalının baş redaktoru Tatyana Fast Azərbaycanın Latviyadakı səfirliyinin qonağı olub.

Latviyalı jurnalist Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov vəAZƏRTAC-ın xüsusi müxbiri Nigar Hüseynova ilə söhbətində V Bakı Beynəlxalq Humanitar Forumu işində iştirakı barədə danışıb.

T.Fastın sözlərinə görə, möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilmiş humanitar forum ona güclü təsir bağışlayıb. Forumun qonaqlarının sayına heyrətləndiyini gizlətməyən latviyalı jurnalist bildirib ki, qonaqpərvər Bakı bu qədər insanı çox yüksək səviyyədə qəbul edib. Forumun əcnəbi iştirakçıları arasında nüfuzlu ictimai-siyasi xadimlər, keçmiş dövlət başçıları və Nobel mükafatı laureatları da vardı.

Bakıda həqiqi multikulturalizmin mövcud olduğunu yəqin etdiyini bildirən baş redaktor qeyd edib ki, Bakı həqiqətən insanları yaxınlaşdırır.

T.Fast deyib ki, forumun ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev konstruktiv nitqlə çıxış edib. Prezident Əliyev bu gün bütün dünyada etnomədəni problemin kəskinləşməsini nəzərə alaraq, multikulturalizm mövzusuna xüsusi diqqət yetirib. Bir sıra ölkələr multikulturalizm ideyasına qarşı çıxış edirlər, çünki onların fikrincə, bu ideya milli mədəniyyətin inkişafına mane olur. Azərbaycan Prezidenti açıq qeyd edib ki, multikulturalizmin alternativi ksenofobiya, antisemitizm və terrorizmdir. T.Fast vurğulayıb ki, bunlar adi söz deyil, Azərbaycan xalqı özü antiislamizm və separatçılıq kimi dəhşətli hadisələrlə üzləşib.

T.Fast qeyd edib ki, forumun işi çərçivəsində 13 nəfər Nobel mükafatı laureatının çıxış etməsi əlamətdar faktdır. Onlar öz çıxışlarında bəşəriyyəti narahat edən ən aktual mövzulara toxunub, əczaçılıqdan başlamış ozon dəliklərinin yaranması probleminə qədər müxtəlif məsələlər barədə fikir söyləyiblər.

T.Fast deyir: “Jurnalın baş redaktoru kimi “İnformasiya dövründə jurnalistikanın transformasiyası və sivilizasiyalararası dialoqun təmin edilməsində onun rolu” mövzusunda “dəyirmi masa” iclası məni daha çox cəlb etdi”.

T.Fastın fikrincə, bu gün KİV-lərin işi çox mürəkkəbləşib, onlardan hər biri bacardığı yollarla salamat qalmağa çalışır. Jurnalist deyir: “Bizim ölkədə və mənim fikrimcə, bütövlükdə Avropada KİV-lər dövlət tərəfindən dəstəklənmir. 1991-ci ildən biz hamımız bazarın axarına buraxılmışıq və buna görə müstəqil KİV-lərin salamat qalması məsələsi mənim üçün daha kəskin şəkildə qarşıda durur”.

Latviyalı jurnalist həmin paneldə Xorvatiyanın keçmiş prezidentinin çıxışını xatırlayır. Eks-prezident jurnalistikanın gələcəyi və dünyada təbliğat xarakterli deyil, obyektiv jurnalistikaya tələbat olmasından danışıb. Keçmiş prezidentin fikrincə, cəmiyyətə qərəzli informasiya təqdim edilir və insanlar həmin təbliğat əsasında tələm-tələsik qərarlar qəbul edir.

Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili G.Muradov vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. O qeyd edib ki, ölkəmiz mədəniyyətlərarası dialoq proqramının reallaşması mərkəzinə, beynəlxalq həyatın mərkəzinə çevrilməkdədir. Diplomat diqqətə çatdırıb ki, Azərbaycan rəhbərliyi yüksək səviyyəli beynəlxalq tədbirlərin təkcə ölkəmizin paytaxtında deyil, həm də regionlarda keçirilməsi məsələsinə xüsusi diqqət yetirir.

“Otkrıtıy qorod” jurnalının baş redaktoru Prezident İlham Əliyevin beynəlxalq fəallığına heyran olduğunu qeyd edib: “Azərbaycan Prezidenti çoxsaylı görüşlər keçirir, humanitar forumda iştirak edən rəsmi şəxslərin hamısını qəbul edirdi. İlham Əliyev çox qonaqpərvər, insanlar üçün açıq rəhbərdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəallığı, onun bir sıra məsələlərə işgüzar yanaşması da dıqqəti cəlb edir”.

Tatyana Fast xüsusi vurğulayıb ki, Bakı müasir dünyada mədəniyyətləri yaxınlaşdıran və dialoqu təşviq edən mərkəzdir.

Jurnalın baş redaktoru Azərbaycan paytaxtının gözəlliyinə heyran olduğunu da gizlətmir. T.Fast deyib: “Bakıda bizi çox gözəl qarşıladılar, möhtəşəm “Hilton” otelində yerləşdik. Oteldən Bakı bulvarına baxanda qarşımızda unudulmaz mənzərə açılırdı. Sahil küçəsinin mənzərələrinə aid çoxlu fotoşəkillər çəkib sosial şəbəkələrdə yerləşdirmişəm. Mən 2003-cü ildə prezident seçkiləri dövründə Bakıda olmuşam. Azərbaycan prezidenti İlham Əliyev ilk dəfə həmin seçkilərdə qələbə qazandı. Bu 13 il ərzində Bakının simasında inanılmaz dəyişikliklər baş verib, Bu təzadlar heyrət doğurur. Bu gün Bakı Şərq və Qərb ab-havasını, Şərq və Avropa şarmını birləşdirən möhtəşəm, mədəni, dəbdəbəli şəhərdir”.

Arxiv üzrə axtarış