2016-10-18

Riqada Azərbaycan nümayəndə heyəti qadın sahibkarlığının perspektivlərini müzakirə edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın başçılıq etdiyi Azərbaycanın sahibkarlar qadınlarından ibarət nümayəndə heyəti Riqada Latviyanın Rifah Nazirliyinin Baş katibi İnqus Alliks ilə görüşüb. Nümayəndə heyətinə “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva, “Baku Tekstil Fabriki” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Səkinə Babayeva, “Qədim Quba” xalçaçılıq müəssisəsinin rəhbəri Humay Məmmədova, özəl klinikanın həmtəsisçisi Aytən Quliyeva daxil idi.

Görüşdə Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov iştirak edib.

Azərbaycan nümayəndə heyətinin işgüzar səfəri 2012-ci ildə Riqada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Rifah Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu əsasında keçirilib.

Dövlət Komitəsi sədrinin müavini S.Qəhrəmanova bildirib ki, Latviyaya səfərin məqsədi qadın sahibkarlığının inkişafı sahəsində təcrübə mübadiləsi aparmaqdır. Son illərdə Azərbaycanda Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın qadın və uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqəti və bu sahədə dövlət siyasətinin gücləndirilməsi nəticəsində “Gender bərabərliyinin təmin edilməsi haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul edilib.

Latviya Rifah Nazirliyinin Baş katibi İ.Alliks qeyd edib ki, bu gün ölkədə əmək və ailə həyatının, demoqrafik vəziyyətin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Qadın sahibkarlığının inkişafı iqtisadi artımda mühüm əhəmiyyətə malikdir.

Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanın regionlarında qadınların maarifləndirilməsi sahəsində səmərəli iş aparılır. Dövlət Komitəsi və BMT-nın İnkişaf Proqramının “Kənd yerlərində və rayonlarda yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının stimullaşdırılması” birgə layihəsi buna nümunədir. Layihə çərçivəsində Azərbaycanın rayonlarında resurs mərkəzləri yaradılıb. Bu mərkəzlərin köməyi ilə kiçik və orta biznes müəssisələri açılır. Azərbaycanda qadın sahibkarlığı sahəsində müsbət tendensiya müşahidə edilir, lakin sahibkar qadınların hələ də əhəmiyyətli dəstəyə ehtiyacı var.

Görüşdə Latviya tərəfi “İş və ailə arasında balansın yaxşılaşdırılması”, “Sosial sahibkarlığa dəstək” layihələrini təqdim edib.

Nümayəndə heyətimiz Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundovla da görüşüb.

Oktyabrın 18-də Azərbaycan nümayəndə heyətinin Latviya İşəgötürənləri Konfederasiyasında görüşü olacaq.

Arxiv üzrə axtarış