Riqada Baltik Assambleyasının 35-ci sessiyası və Baltik Şurasının 22-ci iclası keçirilir
Oktyabr 27-29-da Latviya paytaxtında Baltik Assambleyasının 35-ci sessiyası və Baltik Şurasının 22-ci iclası işə başlayıb.
Baltik Assambleyasında Latviya, Litva və Estoniya parlamentlərinin spikerləri, xarici işlər nazirləri, Baltikyanı və Skandinaviya, eləcə də Şərq Tərəfdaşlığı ölkələrinin parlament üzvləri iştirak edirlər. Azərbaycanı Milli Məclisin deputatı Əli Məsimli, GUAM-ın Baş katibi Altay Əfəndiyev, ölkəmizin Latviyada müvəqqəti işlər vəkili Gəray Muradov, Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rüstəm Mahmudov təmsil edirlər.
Latviya Seyminin sədri İnara Murniyetse iştirakçıları Baltik Assambleyasının yubileyi münasibətilə təbrik edərək bildirib ki, regional təhlükəsizlik Baltikyanı ölkələr üçün ən vacib məsələlərdən biridir. İ.Murniyetse qonşu ölkələri təhlükəsizlik və müdafiə məsələləri üzrə sıx əməkdaşlığa çağırıb, Baltikyanı ölkələrin müdafiəsinin gücləndirilməsi zərurətini vurğulayıb.
Litva Seyminin sədri Loreta Qraujinene regional və enerji təhlükəsizliyi məsələlərini qabardıb, habelə ortaq strateji infrastruktur layihələri vasitəsilə Baltikyanı ölkələri daha dərin inteqrasiyaya nail olmağa çağırıb. Onun fikrincə, “Rail Baltica” layihəsi, ümumi qaz bazarının yaradılmasında intensiv əməkdaşlıq, intensiv dialoq və ümumi iş tələb edən kontinental Avropa şəbəkəsinin elektrik sistemlərinin sinxronlaşdırılmasına lazımi diqqət yetirilməlidir. Seymin sədri bildirib ki, açıq bəyannamələrə baxmayaraq, hazırda Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələri ilə əlaqələrin dəstəklənməsində siyasi aktivliyi azaltmağa meyillidir. Buna görə də Aİ-nin beynəlxalq həmrəylik və etibarlılıq, eləcə də Aİ üçün Şərq Tərəfdaşlığı siyasətinin əhəmiyyətini göstərmək vacibdir.
Estoniya Riqgikoqunun (parlament) sədri Eyki Neystor 1991-ci il noyabrın 8-də Tallində imzalanan, məqsədi regionun inkişaf etdirmək olan Baltik Assambleyasının yaradılması haqqında sazişi xatırladıb. E.Nestor qeyd edib ki, Baltik Assambleyası demokratik əməkdaşlıq forumudur və həyata keçirilən islahatlar Baltikyanı ölkələrin siyasi, iqtisadi sistemlərini yeniləyib.
Sessiyada Baltik Assambleyasının illik medallarının təltifetmə mərasimi keçirilib.
Baltik Assambleyasının illik sessiyası başa çatdıqdan sonra Latviya quruma sədrliyi Estoniyaya verəcək.
Tezliklə Baltik Assambleyasının prezidenti olacaq Helir-Valdor Seeder bildirib: “Regionda davamlı inkişaf bizim üçün çox vacibdir. Sədrliyimiz praktik olaraq həm hər bir dövlətə, həm də bütün regiona təsir edən strateji prioritetlərdə cəmləşəcək”.
Helir-Valdor Seederin sözlərinə görə, Estoniyanın əsas məqsədləri təhlükəsizlik və müdafiə sahəsində Baltik ölkələrinin əməkdaşlığının gücləndirilməsi, enerji bazarına, nəqliyyat və infrastruktur sahələrinə hərtərəfli yanaşma, habelə innovasiya və elmin inkişafıdır.
İclasın sonunda tərəflər Baltik Assambleyasının yekun sənədini imzalayacaq, regionda təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi artım və əhalinin rifahının gücləndirilməsinə dair hökumətlərinə tövsiyələr qəbul edəcəklər.
Milli Məclisin deputatı Əli Məsimli müzakirə olunan məsələlərə münasibət bildirib.