Latviya jurnalı V Bakı Beynəlxalq Humanitar Forumundan və Bakıdan yazır
Latviyanın “Otkrıtıy qorod” jurnalının noyabr nömrəsində baş redaktor Tatyana Fastın “Mepcu, Бaкy!” adlı məqaləsi dərc olunub. Azərbaycan səfirliyində müvəqqəti işlər vəkili Gəray Muradov və AZƏRTAC-ın xüsusi müxbiri N.Hüseynova ilə görüşü zamanı Tatyana Fast vəd etmişdi ki, V Bakı Beynəlxalq Humanitar Forumu haqqında Latviya oxucusuna məlumat verəcək və Azərbaycan paytaxtına dair təəssüratlarını bölüşəcək. O, vədinə sadiq qaldı.
T.Fast qeyd edir ki, Azərbaycan paytaxtının küçələrində gənclərin çoxluğu diqqətini çəkib. Onlar cüt, yaxud qrup halında ya ali məktəblərə, ya da işə tələsirdilər. Jurnalın baş redaktoru yazır: “Elə bizim forum da gənclərin iştirakı ilə keçdi. Tələbələr və gənc mütəxəssislər bütün iclaslarda və panellərdə iştirak edirdilər. Dərhal görünürdü ki, Azərbaycanda demoqrafiya və varislik məsələsində hər şey qaydasındadır. Yeri gəlmişkən, burada gənclərin təhsilinə xüsusi diqqət yetirirlər. İstedadlı uşaqların dövlət hesabına xaricdə təhsil almaq imkanı var”.
Baş redaktor əmindir: Bakı öz rəngarəngliyi ilə fəxr edə bilər. Ölkədə multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəldilib. Əsrlər boyu ölkədə məskunlaşmış polyaklar, almanlar, ruslar haqqında Azərbaycanda danışmağı xoşlayırlar.
Müəllif qeyd edir ki, mədəniyyətlərin yanaşı yaşaması V Bakı Beynəlxalq Humanitar Forumunda əsas mövzu oldu. Forumun ideyası 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. O vaxtdan dövlət başçısı və xanımı Mehriban Əliyeva tədbirin müntəzəm iştirakçılarıdır. Forumda cari və sabiq dövlət başçıları, Nobel mükafatı laureatları, alimlər, tanınmış jurnalistlər və beynəlxalq münasibətlər sahəsində ekspertlər bir araya gəlir. Dünyada müəyyən dövriliklə planetar miqyaslı intellektualların təxminən on iclası keçirilir. Bakı Beynəlxalq Humanitar Forumu onlardan biridir.
T.Fast yazır ki, Humanitar Forumda jurnalistikanın transformasiyası və münaqişəli dünyada onun roluna xüsusi müzakirə həsr olunmuşdu. Müzakirədə dünya agentlikləri, Yaponiya, Azərbaycan, İran, Xorvatiya, Türkiyə, Slovakiyanı təmsil edən televiziya şirkətləri və nəşriyyat evlərinin rəhbərləri iştirak edirdilər. Ekspertlər vahid mövqedən çıxış edərək bildirirdilər ki, müasir jurnalistikanın taleyi tətbiqi yox, qlobal mövzudur. İnformasiya dünyanı idarə edir. İnformasiya müharibələri dönməz proseslərə səbəb ola və hətta real qarşıdurmalara gətirib çıxara bilər.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanovun fikrincə, “jurnalistikanın dramatik transformasiyası” baş verib. Onun sözlərinə görə, texnologiya və gacetlər ənənəvi KİV-lərin mahiyyətini radikal şəkildə dəyişib, şəbəkə jurnalistikası bu sahədə getdikcə daha çox yer tutur. Peşəkar reportyor və redaktorlar bu şəbəkənin yalnız həlqəsidir. T.Fast vurğulayır ki, bununla belə, agentliyin rəhbəri hadisələrin dramatikləşdirilməsi ilə razılaşmır. Onun fikrincə, şəbəkə jurnalistikasına mətbuatın müstəqilliyinə və keyfiyyətinə təhlükə mənbəyi kimi yox, əksinə, sərt korporativ nəzarətdən qurtuluş imkanı kimi baxmaq gərəkdir. A.Aslanov əmindir ki, yeni trendlərə əhəmiyyət verməmək, onları diqqətdən kənarda qoymaq olmaz, bu trendlərə yeni reallıq kimi yanaşmaq və ondan peşəkar fəaliyyətdə istifadə etmək lazımdır.
“Otkrıtıy qorod” jurnalının baş redaktoru Azərbaycan paytaxtının sakinlərini belə səciyyələndirir: “Bakılılar mehriban, ünsiyyətcil və gülərüzdürlər. Görünür, buna səbəb günəşli ölkənin təbiətidir: xoşbəxtlik hormonu olan serotonin riqalılarla müqayisədə bakılılarda daha çoxdur. Yəqin ki, serotoninin yetərli olmasının nəticəsidir ki, bütün şəhər əfsanələri məhəbbət hekayətləri ilə bağlıdır. İçərişəhərin incisi olan Qız Qalasının tarixi “love story”dir (məhəbbət hekayətidir). Əgər bir xeyriyyəçi əcnəbi opera ulduzuna aşiq olmasaydı, möhtəşəm gözəlliyi ilə seçilən Bakı Opera və Balet Teatrının binası da mövcud olmazdı. Elə müasir Bakının küçələrində də tıxac yaradan toy kortejlərinə tez-tez rast gəlinir. Amma bakılılar deyinmir: “Azərbaycanda ailə müqəddəsdir”.
Tatyana Fast Bakı barədə təəssüratlarını bölüşərək yazır ki, sentyabrın sonunda Dənizkənarı Bulvarın yaşıllığı hələ də yayı xatırladırdı, halbuki şəhər payızın işgüzar həyatı ilə yaşayırdı. Deyirlər, Bakıda o qədər tikinti gedir ki, hər il bura gələndə şəhəri tanımaqda çətinik çəkirsən. “Mən Bakıya 13 il əvvəl gəlmişdim və əlbəttə, şəhəri tanımadım. 2003-cü ildə yarımçıq çoxmərtəbəli binalarda hələ də qaçqınlar məskunlaşırdı, yollar isə çala-çuxur idi. Bu səfərim zamanı isə binalar səliqəsi, küçələr təmizliyi, göydələnlər inanılmaz ölçüləri və konstruksiyası ilə Birləşmiş Ərəb Əmirliklərindən, şıq otel və avtomobillər istənilən Avropa paytaxtından geri qalmırdı”, - Tatyana Fast belə yazır.