2016-11-17

Azərbaycanın Latviyadakı səfiri “Otkrıtıy qorod” jurnalının qonağı olub

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov bu ölkədə çıxan “Otkrıtıy qorod” (“Açıq şəhər”) jurnalının smart-klubunun qonağı olub. Görüşdə jurnalın qəyyumlar şurasının üzvləri, iş adamları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Jurnalın baş redaktoru Tatyana Fast qonağı təqdim edəndən sonra bu günlərdə Azərbaycana səfərindən və V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından danışıb. T.Fast Azərbaycan hökumətinin düşünülmüş sosial-iqtisadi siyasəti sayəsində ölkənin dinamik və uğurlu inkişafının qlobal böhran dövründə də davam etdiyini diqqətə çatdırıb.

Baş redaktor ümidvar olduğunu bildirib ki, görüş Azərbaycan ilə Latviyanın iş adamları arasında əlaqələrin inkişafına təkan verəcək və bu istiqamətdə daha bir addım olacaq.

Azərbaycan səfiri smart-klubun ənənəsinə uyğun olaraq, ölkəmizin iqtisadiyyatı, neft sənayesi, biznes mühiti və investisiya imkanları barədə ətraflı məlumat verib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişafın təməlinin yaradılması prosesi başlayıb, zəngin iqtisadi potensial gələcək inkişafa, xalqın rifahının yaxşılaşdırılmasına yönəldilib. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması sahəsində mühüm addımlar atılıb, sahibkarlara maliyyə yardımı və zəruri texniki dəstək göstərən strukturlar yaradılıb.

Ümummilli Liderin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış nailiyyətlər möhkəmləndirilib. Hazırda Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji və infrastruktur layihələrinin əsas təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş və beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Azərbaycanın xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran dövlətə çevrilməsi, öz peyki olan məhdud sayda ölkələr sırasında yer alması, əhalinin rifah halının yüksəlməsi son on ilin mühüm nailiyyətləridir.

Ölkədə yaradılan əlverişli investisiya mühitini, həyata keçirilən layihələri diqqətə çatdıran C.Axundov bu sırada Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Anadolu qaz kəməri (TANAP) layihələrini, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsini, Sumqayıt, Pirallahı və Balaxanıda, habelə Masallı və Neftçala şəhərlərində sənaye parklarının yaradılmasını xüsusi vurğulayıb.

Səfir Azərbaycanda yaradılan, dünyada analoqu olmayan intellektual məhsuldan – “ASAN xidmət”dən danışıb.

C.Axundov vurğulayıb ki, həyata keçirilən islahatlar bu il turist axınına güclü təkan verib. Təkcə ərəb ölkələrindən Azərbaycana gələnlərin sayı 20-30 dəfə artıb. Ölkədə təhlükəsizlik təmin edilir, gözəl tarixi və təbiət yerləri, müasir infrastruktur var.

Tədbir iştirakçılarının suallarını cavablandıran səfir diqqətə çatdırıb ki, 2015-ci ildə sənayenin qeyri-neft sektoruna yönəldilən əsas kapital 1,2 milyard manat təşkil edib.

Görüşdə Azərbaycan ilə Latviya arasında həm iqtisadi, həm mədəni əlaqələrin gələcək inkişafına xidmət edəcək daimi və birbaşa Bakı-Riqa reysinin açılmasının vacibliyi vurğulanıb.

Sonda Azərbaycan haqqında sənədli film nümayiş etdirilib.

 

 

Arxiv üzrə axtarış