2016-12-12

Dekabrın 12-də Azərbaycanın Latviyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Latviya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov müstəqilliyimizin qorunub saxlanması və inkişafında ümummilli liderin əvəzsiz xidmətləri barədə danışıb. Bu dahi şəxsiyyətin dövlətçilik tarixində mühüm yer tutduğunu qeyd edən səfir vurğulayıb ki, Ümummilli Liderə sevgi xalqımızın qəlbində yaşayır və həmişə yaşayacaq. Ölkə həyatının bütün sahələrində qazanılan möhtəşəm uğurlar Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan tarixində Heydər Əliyev dövrü kimi səciyyələndirilən bu dövrdə Ulu Öndərin titanik fəaliyyəti, xilasedici və yaradıcı missiyası nəticəsində xalqımız demokratik, hüquqi dövlətdə yaşamaq imkanı, ən əsası isə siyasi və iqtisadi müstəqilik əldə etdi.

Azərbaycan diasporunun təmsilçiləri U.Əhmədov və R.Əliyev vurğulayıblar ki, Vətənə və xalqa xidmət nümunəsi olan Ulu Öndərin əsas dayağı qədirbilən xalq idi.

Latviya Seyminin deputatı, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Roman Naudinş bildirib ki, xalqına daim bağlı olan Heydər Əliyevin həyat yolu Azərbaycan tarixinin bir hissəsidir. Deputat deyib ki, uzaqgörən siyasətçi Heydər Əliyevin qoyduğu təməl Azərbaycanı intensiv inkişaf edən iqtisadiyyata malik ölkəyə çevirəcək. Azərbaycanın dövlət müstəqilliyinin bərpasını əvvəlcədən görən dahi Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması onun müdrikliyini nümayiş etdirir.

Anım mərasimində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Arxiv üzrə axtarış