2016-12-14

Riqada keçirilmiş V beynəlxalq elmi-praktik konfransda Azərbaycanın iqtisadi uğurları haqda məlumat verilib

Riqadakı Baltik Beynəlxalq Akademiyasında “Hüquq, regional iqtisadiyyat və iqtisadi siyasət sahəsində transformasiya prosesləri: aktual iqtisadi-siyasi və hüquqi problemlər” mövzusunda V Beynəlxalq elmi-praktik konfrans keçirilib. Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov konfransda iştirak edib.

Elmi diskussiyalarda Latviya, Çexiya, Rusiya, Özbəkistan, Qazaxıstan və digər ölkələrin alimləri çıxış ediblər.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov öz çıxışında qeyd edib ki, konfransda qaldırılan məsələlər Azərbaycan üçün də aktualdır.

Səfir vurğulayıb ki, Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı dövrünə qədəm qoyub. Lakin bu, heç də o demək deyildir ki, neft emalı və kimya sənayesi sahələrinə lazımınca diqqət yetirilməyəcək. Bu sahələrlə yanaşı, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələr də fəal inkişaf edəcək.

Konfrans iştirakçılarına Azərbaycanın dövlət müstəqilliyinin bərpasından keçən 25 il ərzində ölkəmizin keçdiyi inkişaf yolu, Azərbaycan xalqının iqtisadiyyat və mədəniyyət sahələrində qazandığı uğurlar barədə ətraflı məlumat verilib.

Plenar iclasdan sonra konfrans iştirakçıları iqtisadiyyat, hüquq və psixologiya sahələrində aktual məsələlərin müzakirəsini sessiyalarda davam etdiriblər.

Arxiv üzrə axtarış