2016-12-20

Riqada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

Riqada, “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, Latviya universitetlərində təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Soydaşlarımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edən Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov 1991-ci ilin dekabrında ümummilli lider Heydər Əliyevin elan etdiyi Həmrəylik Gününün ideyasını diqqətə çatdırıb. Qeyd edib ki, əsasında dünya azərbaycanlılarının birlik və həmrəyliyi, xalqımıza məxsus milli-mənəvi dəyərlərə hörmət, Azərbaycan xalqına mənsubluq, tarixi vətənə bağlılıq ideyası dayanan Həmrəylik Günü soydaşlarımızın sıx vəhdətinin təməlini qoyub.

Səfir qeyd edib ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının milli ənənələrin, özünəməxsusluğun və ana dilinin, mədəni irsin qorunması və inkişafında, millətlərarası münasibətlərin və xalqlar arasında dostluğun gücləndirilməsində əməkdaşlığı vacibdir.

Sonda C.Axundov həmvətənlərimizə firavanlıq, həmrəylik və yekdillik arzularını çatdırıb, tədbir iştirakçılarını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərini daim xatırlamağa çağırıb.

“Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri, Latviya Prezidenti yanında milli azlıqların işi üzrə Məşvərət Şurasının sədri Roman Əliyev deyib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü azərbaycançılıq ideyası ətrafında birləşmiş millətin vəhdət rəmzi kimi xüsusi əhəmiyyət kəsb edir. Bu ideyanın mərkəzində dövlət suverenliyi və milli təhlükəsizliyin möhkəmləndirilməsinə sədaqət dayanır.

Bayram tədbirində Azərbaycan musiqisi səsləndirilib, milli rəqslər nümayiş etdirilib, uşaqlar azərbaycanlı şairlərin şeirlərini söyləyiblər.

Azərbaycanın Latviyadakı səfirliyi uşaqlara hədiyyələr təqdim edib.

Arxiv üzrə axtarış