2017-02-14

Azərbaycan-Latviya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu var

Fevralın 13-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sədr qonağın xarici işlər naziri qismində Azərbaycana ikinci rəsmi səfərinin münasibətlərimizin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib. “Sevindirici haldır ki, bu gün siyasi münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Əlaqələrimizin dərinləşməsində dövlət başçılarımızın rolu danılmazdır. Bu günədək ölkələrimiz arasında 34 sənəd imzalanıb, 8-i üzərində iş davam etdirilir”, - deyə Oqtay Əsədov bildirib.

Sədr deyib ki, iqtisadi sahədə əlaqələrimizin daha da dərinləşdirilməsi günün tələbidir. Ümidvarıq ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı layihə reallaşdıqdan sonra bu sahədə də əhəmiyyətli dönüş yaranacaq.

Oqtay Əsədov deyib: “Təqdirəlayiq haldır ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda tez-tez görüşür, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar”.

Söhbət zamanı sədr Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin bugünkü vəziyyəti barədə ətraflı məlumat verərək, Prezident İlham Əliyevin Brüsselə son səfərinin bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli əlaqələrin inkişafı üçün yaxşı imkanlar var.

Oqtay Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sisteminə verdiyi töhfədən danışaraq, gələcəkdə TAP və TANAP qaz layihələrinin reallaşmasının region üçün önəmli olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Dağlıq Qarabağ probleminin həllində Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. O, bu yaxınlarda Azərbaycan ictimaiyyətinin Xocalı soyqırımının 25 illiyini qeyd edəcəyini söyləyib. Sədr ümidvar olduğunu bildirib ki, dünya birliyinin dəstəyi ilə bu ağrılı problem tezliklə öz məntiqi həllini tapacaq.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Latviya parlamentinin sədri adından Milli Məclisin spikerini ölkəsinə rəsmi səfərə dəvət edib. Təklif məmnunluqla qəbul olunub.

Görüşdə parlamentlərarası əlaqələrin əhəmiyyətindən söz açan qonaq deputatlarımızın qarşılıqlı səfərlərinin və mütəmadi görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb. O, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu qeyd edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs və digər rəsmi şəxslər iştirak ediblər.

Arxiv üzrə axtarış