Azərbaycanın Latviyadakı səfirliyi Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Latviya Dövlət Universitetində (LDU) bu qanlı faciənin qurbanlarının anım mərasimini təşkil edib.
Azərbaycanın Latviyadakı səfirliyi Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Latviya Dövlət Universitetində (LDU) bu qanlı faciənin qurbanlarının anım mərasimini təşkil edib.
Tədbirdə Latviyanın sabiq prezidenti Valdis Zatlers, Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Latviya XİN-in nümayəndələri, LTU-nun Akademik Kitabxanasının direktoru Venta Kotsere, yəhudi cəmiyyətlərinin sədri Arkadi Suxarenko, ölkənin tanınmış ictimai və siyasi xadimləri, Azərbaycan diasporunun üzvləri, tanınmış jurnalistlər iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının nurlu xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov bəşəriyyət tarixində ən qorxunc faciələrdən birinin qurbanlarının xatirəsini anan qonaqlara minnətdarlığını bildirərək qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasının uğurla aparılması sayəsində hazırda Xocalı soyqırımını ondan çox dövlətin və ABŞ-ın 21 ştatının parlamentləri tanıyıb. Azərbaycan səfiri diqqətə çatdırıb ki, Xocalı soyqırımı haqqında bəyanatı Latviya Seyminin 53 deputatı da imzalayıb. Xocalı soyqırımının tanınması göstərir ki, amansız soyqırımı aktını törədən cinayətkarlar cəzasız qalmayacaqlar. Bu siyasi qərarlar regionda sülhün bərqərar edilməsinə və Xocalı qırğınına bənzəyən soyqırımı aktlarının qarşısının alınmasına töhfə verir.
“Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı Roman Əliyev bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 adam, o cümlədən qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla qətlə yetirilib. R.Əliyev dünya birliyinin Xocalıda törədilən dəhşətli cinayəti unutmaması üçün belə anım tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi belə cinayətlərin nə dərəcədə dəhşətli olduğunu bir daha bəşəriyyətə xatırladır və eyni zamanda göstərir ki, biz bir-birimizə humanistcəsinə yanaşa bilərik və yanaşmalıyıq. O vurğulayıb ki, dünya birliyi Xocalı soyqırımını tanımaq barədə razılığa gəlməlidir.
Latviyanın tanınmış jurnalistləri Aleksandr Mirlin və Vladimir Reşetov Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verərək qeyd ediblər ki, Azərbaycan XX əsrdə qanlı faciə yaşamış az sayda ölkələrdən biridir. Belə faciələr əsla unudulmamalıdır. Axı, yaddaş bu cür soyqırımı aktlarının qarşısını ala biləcək yeganə vasitədir.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Xocalı faciəsi haqda “Sonsuz Dəhliz” filminin nümayişi keçirilmişdir. Film litvalı rejissor Aleksandras Brokas və amerikalı “Emmy” mükafatçısı Cerald Rafşun tərəfindən çəkilmiş, Britaniyalı “Academy Award” mükafatçısı Ceremi Ayrons tərəfindən səsləndirilmişdir.