2017-03-16

Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti Raymonds Veyonis ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Latviya Respublikasının Prezidenti Raymonds Veyonis ilə görüşüb.

Dövlətimizin başçısı Latviya Prezidenti Raymonds Veyonisin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirdi və bu tədbirin artıq bir ənənəyə çevrildiyini vurğuladı.

Latviya Prezidenti Raymonds Veyonis V Qlobal Bakı Forumunda 53 ölkədən nümayəndələrin iştirakının önəmini qeyd etdi və Azərbaycan tərəfinin bu tədbiri yüksək səviyyədə təşkil etdiyini vurğuladı. Raymonds Veyonis Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmasından qürur hissi keçirdiyini dedi.

Prezident Raymonds Veyonis Prezident İlham Əliyevin Latviyaya rəsmi səfərə dəvət məktubunu dövlətimizin başçısına təqdim etdi və bu səfərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Azərbaycan ilə Latviya arasında müxtəlıf sahələrdə əlaqələrə toxunan Raymonds Veyonis təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin görüldüyünü bildirdi və azərbaycanlı tələbələrin Latviya universitetlərində təhsil almaları üçün müvafiq tədbirlərin həyata keçirildiyini qeyd etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Arxiv üzrə axtarış