Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşüb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanı yenidən ölkəmizdə görməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd etdi, Bakı Forumunun artıq qlobal platformaya çevrildiyini dedi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Mehriban Əliyeva bu mərkəzin Azərbaycanı dünyada tanıtmaq baxımından rolunu vurğuladı və ölkəmizin bundan sonra da mərkəzin fəaliyyətinin genişləndirilməsinə dəstəyini verməyə hazır olduğunu söylədi.
Vayra Vike-Freyberqa həmsədri olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin daha geniş platformada təbliğində, təşkilatın fəaliyyətinin gücləndirilməsi, üzvlərinin sayının artırılması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, Qlobal Bakı Forumunun proqramları ildən-ilə daha da genişlənir və bu, Azərbaycanın xaricdə daha yaxşı tanıdılması işinə xidmət edir.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbriklərini çatdırdı.