2017-03-21

Latviya Respublikasının Tsesis şəhərində Çanaqqala döyüşünün 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Martın 18-də Latviyanın Tsesis şəhərində Çanaqqala döyüşünün 102-ci ildönümünə həsr edilmiş anım tədbiri həyata keçirilmişdir. Tədbir zamanı burada dəfn edilmiş türk əsgərlərinin məzarına güllər qoyulub. Tədbir Türkiyə Respublikasının bu ölkədəki Səfirliyi və Latviyanın Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Anma mərasimində çıxış edən Türkiyənin Latviyadakı səfiri Hayri Hayret Yalav məlumat verib ki, 1877-1878-ci illərin rus-türk müharibəsindən sonra Plevendə rus qoşunları tərəfindən əsir götürülmüş 100 türk əsgəri Tsesisə göndərilib. Vəfat etmiş 25 türk hərbi əsiri türk qəbiristanlığında dəfn olunub. Qeyd olunub ki, ilk abidə 1880-cı ildə qoyulub. 1937-ci ildə Türkiyənin Estoniyadakı səfirliyinin maliyyə dəstəyi ilə qəbiristanlıq və müəllifi Karlis Dzirkalns olan abidə yenidən qurulub. Səfir H.H.Yalav deyib ki, bəzi məlumatlara görə Tsesisdə təxminən 163 türk əsgəri həlak olub. 

Türk əsgərlərinin xatirəsini yad etmə mərasimdə Latviya Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin, burada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət xadimləri, Azərbaycanın Latviyadakı Səfirliyinin müvəqqəti işlər vəkili Gəray Muradov da iştirak ediblər.

Arxiv üzrə axtarış