Y.Vitol adına Latviya Musiqi Akademiyasında görüş
Aprelin 20-də Azərbaycanın Latviya Respublikasındakı səfiri Cavanşir Axundov Yazep Vitol adına Latviya Musiqi Akademiyasında bu şöhrətli təhsil ocağının rektoru professor Artis Simanis və prorektor Mayya Sipola ilə görüşmüşdür.
Görüş əsnasında Azərbaycan ilə Latviya arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyi nəzərə çatdırılmışdır. Ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin də genişləndirilməsi zəruriyyətindən danışılmışdır. Latviya Musiqi Akadeiyası və Azərbaycanın ali musiqi təhsil ocaqları – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Milli Konservatoriya ilə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Belə ki, iki ölkənin təhsil ocaqları arasında tələbə mübadiləsinin, Latviya və Azərbaycanda müxtəlif görkəmli sənətkarların yubiley tədbirlərinin keçirilməsi, hər iki ölkədə keçirilən beynəlxalq müsabiqələr və festivallara gənc ifaçıların qatılmasının vacibliyi vurğulanmışdır.
Görüşün sonunda səfir C.Axundov Heydər Əliyev fondunun çeşidli nəşrlərini, o cümlədən muğam, simfonik musiqi ilə bağlı materialları, habelə “Qarabağ xanəndələri” disklər dəstini Latviya Musiqi Akademiyasının rəhbərliyinə hədiyyə etmişdir. Öz növbəsində A.Simanis Latviya Musiqi Akademiyasının bir sıra nəşrlərini C.Axundova təqdim etmiş, görüşün iki ölkənin musiqi təhsili sahəsində əlaqələrinin inkişafına təkan olacağına ümid bəslədiyini bildirmişdir.