Uldis Auqilis: Azərbaycan nəqliyyat və logistika sahəsində Latviyanın mühüm potensial tərəfdaşıdır
Azərbaycan Cənubi Qafqaz regionunda nəqliyyat və logistika sahəsində Latviyanın mühüm potensial tərəfdaşıdır. Bunu Latviyanın yollar naziri Uldis Auqulis Azərbaycanın Riqadakı səfiri Cavanşir Axundovla görüşündə deyib.
Görüşdə Azərbaycan və Latviya arasında nəqliyyat və rabitə sahəsində əməkdaşlıq məsələləri, habelə hökumətlərarası komissiyanın iclasının keçirilməsi vaxtı müzakirə edilib.
Nazir Azərbaycan ərazisindən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yükdaşımaların inkişafında böyük potensial gördüyünü qeyd edib. “Biz Yaxın Şərq və Cənubi Asiya ölkələrinə (Pakistan, Hindistan), habelə İran və Azərbaycana Baltik dənizindən Avropa İttifaqı bazarına keçməyi təklif edirik”, - deyə U.Auqulis diqqətə çatdırıb.
Görüşdə vurğulanıb ki, artıq Latviya Azərbaycan ərazisindən Hindistandan konteyner yükdaşımaları üçün yeni marşrutlar üzərində fəal işləyir, Şimali Avropaya yüklərin Latviya limanları vasitəsilə daşımasını təklif edir.
Səfir Cavanşir Axundov deyib ki, Şimal-Cənub dəhlizinin inkişafı Azərbaycan üçün yüksək prioritetdir. Səfir Latviya və Azərbaycan arasında ticarət əlaqələrinin fəallaşdırılmasının zəruriliyini vurğulayıb.