Cavanşir Axundov: hər tankda, hər təyyarədə Azərbaycan benzini Qələbə üçün vuruşurdu
Mayın 9-da Riqadakı Qələbə parkında, Latviyanı və Riqanı alman-faşist işğalçılarından xilas edənlərin xatirəsinə ucaldılmış abidənin ətrafında nasizmin darmadağın edilməsinin 72-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Müxtəlif ölkələrin səfirləri, İkinci Dünya müharibəsinin veteranları, Riqanın meri Nil Uşakov Qələbə parkına gəliblər.
9 May – Böyük Qələbə Gününə həsr edilmiş tədbirlərdə, səfir Cavanşir Axundovun başçılığı ilə Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.
Mayın 8-də Ropajidəki qardaş qəbiristanlığında müharibə dövründən itkin düşən hesab edilmiş 137 sovet əsgərinin nəşinin qalıqlarının dəfn mərasimi oldu.
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov dəfn mərasimində çıxış edib. O deyib ki, Ropaji qardaş məzarında keçmiş SSRİ-nin bütün xalqlarını təmsil edən 2 mindən çox əsgərin nəşinin qalıqları dəfn olunub. Müharibə vaxtı əhalisinin sayı 3,5 milyon olan Azərbaycandan təxminən 700 min nəfər, yəni orta hesabla hər beş nəfərdən biri müharibəyə çağırılmışdı! Bundan əlavə, hər tankda, hər təyyarədə Azərbaycan benzini Qələbə üçün vuruşurdu. Ona görə də məşhur “Zabitlər” filmindəki bir mahnıda səslənən “Rusiyada elə ailə yoxdur ki, orada öz qəhrəmanı unudulmuş olsun” sözləri Azərbaycana da aiddir.