2017-05-12

Riqada “Azərbaycan: inkişaf və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib

Latviya Universitetinin Akademik Kitabxanasında “Azərbaycan: inkişaf və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilib. “Dəyirmi masa”da Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Roman Əliyev, Latviya Universitetinin Akademik Kitabxanasının direktoru Venta Kotsere, Latviya İşəgötürənlər Konfederasiyasının vitse-prezidenti İvars Strautinş, Latviya Universitetinin prorektoru, professor İna Druviyete, Yəhudi İcmaları Şurasının direktoru David Kaqan, “Otkrıtıy qorod” jurnalının baş redaktoru Tatyana Fast, Azərbaycan diasporunun nümayəndələri, Latviya jurnalistləri Aleksandr Mirlin, Vladimir Reşetov, səfirliklərin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanda iqtisadiyyat, mədəniyyət və idmanın inkişafından bəhs edən film nümayiş olunub.

“Dəyirmi masa”da çıxış edən səfir Cavanşir Axundov ümummilli lider Heydər Əliyevin adının Azərbaycan tarixindən ayrılmaz olduğunu vurğulayıb. Səfir Ulu Öndərin həyatı və Azərbaycanın müasir tarixində rolu haqqında geniş məlumat verib. Bildirib ki, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan öz geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərbin arasında körpü rolunu oynamağa başlayıb, dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Azərbaycanın dünya miqyasında neft hasil edən və ixrac edən ölkəyə çevrilməsi, respublikada milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, müasir tələblərə cavab verən neft sənayesi infrastrukturunun yaradılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə neftin nəqli Heydər Əliyevin xidmətidir.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” olduğunu vurğulayan səfir ölkəmizdə reallaşan mühüm tədbirlər sırasında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusilə qeyd edib. C.Axundov məlumat verib ki, bu il mayın 4-dən 6-dək Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Səfir Bakıda keçirilən İslamiadanın - IV İslam Həmrəyliyi Oyunlarının idman tarixində ən böyük hadisə olacağına əminliyini bildirib.

Tədbirdə çıxış edən “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Roman Əliyev diqqətə çatdırıb ki, Heydər Əliyev xalqın qəlbində Vətəninə, dövlətinə, onun müstəqilliyinə layiqli xidmət etməyin mücəssəməsi kimi qalacaq.

Latviya İşəgötürənlər Konfederasiyasının vitse-prezidenti İvars Strautinş sovet dövründə Heydər Əliyevlə tanış olmasını xatırlayıb. Qeyd edib ki, Heydər Əliyev siyasi nəhəng idi. Onun böyük idarəçilik təcrübəsi, siyasi intuisiyası var idi.

Latviya Universitetinin Akademik Kitabxanasının direktoru, filologiya elmləri doktoru Venta Kotsere “Latviya-Azərbaycan mədəniyyətlərarası dialoq” təqdimatı ilə çıxış edib. O, ölkələrimiz arasında mədəni əlaqələrin qurulması tarixindən danışıb. Kitabxananın direktoru nadir kitab və nəşrlər, o cümlədən Bakı-Latış cəmiyyətinin 1910-cu ilə aid Nizamnaməsini təqdim edib.

Arxiv üzrə axtarış