2017-05-23

Riqada Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Latviyada fəaliyyət göstərən azərbaycanlı sahibkarlarla görüşüb. Görüşdə Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və əmtəə dövriyyəsinin həcminin artırılması məsələləri müzakirə olunub.

Azərbaycan ilə Latviya arasında siyasi dialoqun yüksək səviyyəsi barədə məlumat verən səfir vurğulayıb ki, ötən il ikitərəfli münasibətlər üçün siyasi baxımdan uğurlu olub. O qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın da bu cür yüksək səviyyədə olması arzu edilir.

C.Axundov azərbaycanlı sahibkarların diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əlverişli investisiya şəraiti yaradılıb, biznesin inkişafına mane olan bürokratik əngəllərin azaldılması üçün əlavə addımlar atılır. Səfir iqtisadi əlaqələri genişləndirmək və iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq imkanı yarada biləcək bir neçə layihənin, o cümlədən “ZUBR” konteyner qatarı layihəsinin adını çəkib.

Azərbaycanlı sahibkarlar da öz növbəsində, iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları barədə təkliflər söyləyiblər. Xüsusi olaraq qeyd edilib ki, Azərbaycan ilə Latviya arasında daimi birbaşa aviareys açılması, heç şübhəsiz, bu məsələdə birinci dərəcəli rol oynayacaq.

Azərbaycanlı biznesmenlər Riqada Ticarət Evi açılmasının məqsədəuyğunluğunu vurğulayaraq bildiriblər ki, bu Azərbaycandan Latviyaya ixracı artırmağa imkan verəcək.

Görüşdə Latviyadakı Azərbaycan diasporunun fəaliyyətini canlandırmaq məsələləri də müzakirə olunub.

Arxiv üzrə axtarış