Azərbaycan Latviyadakı səfirliyi Riqada təhsil alan azərbaycanlı tələbələr üçün Novruz bayramı münasibətilə tədbir təşkil edib
Səfir Cavanşir Axundov azərbaycanlı gəncləri Novruz bayramı münasibətilə təbrik edib. O, Novruzun xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini əks etdirən qədim xalq bayramı olduğunu bildirib. Diplomat sərt imperiya rejimi dövründə ümummilli lider Heydər Əliyevin bu bayramın respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olduğunu diqqətə çatdırıb. Azərbaycanın müstəqilliyinin bərpasından sonra xalqımız nəcib ənənələri, milli dəyərləri, xeyirxahlığı, insana və təbiətə sevgini təcəssüm etdirən Novruzu daha da təntənəli şəkildə qeyd etməyə başlayıb.
Səfir deyib ki, Novruz bayramı bütün çətinlikləri dəf edərək, özünün qanuni hüququnu əldə edib.
C.Axundov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza Novruz təbrikində insanlığa xas ülvi dəyərləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti olduğu bildirib.
Səfir azərbaycanlı gəncləri öz xalqına fayda verməyə, Latviya cəmiyyətinə inteqrasiya olunmağa və ölkəmizi layiqincə təmsil etməyə çağırıb.
Tələbələr bayram tədbirində səfirə Novruza həsr olunan rəsm əsəri hədiyyə ediblər.