Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Avropa Komissiyasının Latviya Nümayəndəliyinin təşkil etdiyi toplantıda iştirak etmişdir
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov “Avropa İli: Mədəni irsin qorunması” tədbiri ilə əlaqədar Avropa Komissiyasının Latviya Nümayəndəliyinin təşkil etdiyi toplantıda iştirak etmişdir. Avropa Komissiyasının Latviya Nümayəndəliyinin rəhbəri İnna Şteynbuka tədbirin əhəmiyyətindən danışmış və onun silsiləvi səciyyə daşıdığını qeyd etmişdir. Latviyanın görkəmli şair və ictimai xadimləri Yan Raynis və Aspaziyanın ev-muzeyində reallaşan bu tədbirdə 1918-ci ildə müstəqillik əldə etdikdən sonra Latviya mədəniyyətinin müxtəlif sahələrində - ədəbiyyat, təsviri sənət, memarlıqda qazandığı nailiyyətlər haqqında tanınmış alimlərin məruzələri dinlənilmişdir. Tədbir çərçivəsində səfir C.Axundov Raynis və Aspaziyanın ev-muzeyinin ekspozisiyası ilə tanış olmuşdur. Muzeyin əməkdaşları ilə söhbət əsnasında səfir, Raynis yaradıcılığının Azərbaycanda da tanındığını, onun əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu qeyd etmişdir. Azərbaycan ədəbiyyatının Latviyada daha geniş təbliğ olunması zəruriyyətindən söz açan səfir qarşılıqlı ədəbi-bədii tədbirlərin keçirilməsinin önəmini vurğulamış, məsələn, muzeyin salonlarında Azərbaycan və Latviya ədiblərinin iştirakilə poeziya axşamlarının təşkili imkanlarını müzakirə etmişdir. Belə tədbirlər, C.Axundovun təbirincə, ölkələrimiz arasında xoş münasibətlərin, qarşılıqlı anlaşmanın inkişafına xidmət edəcəkdir.