2018-05-11

“Karyera” jurnalı: Latviya ilə Azərbaycan arasında əməkdaşlıq üçün yetərincə geniş zəmin və ümidverici perspektivlər var

Latviyada ən qədim biznes nəşri olan “Karyera” jurnalında baş redaktor Olqa Sokolovanın “Azərbaycan-Latviya: 100 il müstəqillik yolunda” sərlövhəli məqaləsi dərc edilib.

Müəllif yazır ki, 2018-ci ildə həm Latviya, həm də Azərbaycan öz dövlətçiliyinin 100 illiyini qeyd edirlər. Dinamik, müasir dövlətlər olan bu iki ölkənin tarixində oxşar cəhətlər, qarşılıqlı münasibətlərin inkişafı üçün çox böyük potensial və perspektivlər var.

O.Sokolova Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən təşkil edilmiş “İnkişafın analogiyası: Azərbaycan və Latviya müstəqillik yollarında” mövzusunda “dəyirmi masa” barədə ətraflı məlumat verir. Müəllif Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundovun bu sözlərini sitat gətirir ki, bugünkü Azərbaycan son 100 ildə keçilmiş tarixi yolun nəticəsidir. C.Axundov qeyd edir ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın ən mühüm addımlarından biri, Azərbaycanın müstəqilliyinin maliyyə əsası olub. Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Neft Fondu bu kontraktdan alınan səmərə əsasında uğurla fəaliyyət göstərir, ilk dəfə olaraq ölkənin Avropa və dünya bazarlarına sistemdənkənar çıxışı təmin edilib.

Məqalədə Azərbaycanın neft-qaz sənayesinin inkişafı tarixi qısaca nəzərdən keçirilir, qeyd edilir ki, ümummilli lider Heydər Əliyevin və onun varisi Prezident İlham Əliyevin səylərə sayəsində bu gün Azərbaycan inkişaf etmiş sənaye-aqrar dövlətidir. Məqalədə ölkənin iqtisadi göstəriciləri qeyd olunur. 2017-ci ilin sonuna olan məlumata görə il ərzində iqtisadiyyatın qeyr-neft sektorunda 2,4 faiz, sənaye istehsalı sahəsində 3,5-4 faiz, kənd təsərrüfatı sahəsində 4 faiz, xarici ticarət dövriyyəsində 7 faiz artım qeydə alınıb. Müəllif vurğulayır ki, Azərbaycan bütün qonşuları ilə mehriban münasibətləri saxlamağa çalışır, lakin Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı Dağlıq Qarabağ münaqişəsi hələ də ağrılı bir problem kimi qalır.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatların üzvü olduğunu qeyd edən O.Sokolova oxucuların diqqətinə çatdırır ki, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq tənzimlənib, 11 Avropa ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb.

Məqalədə qeyd edilir ki, səfir C.Axundov Azərbaycanın və Latviyanın dövlətçiliyinin 100 illiyi münasibətilə latviyalı gənc tarixçilər və jurnalistlər arasında müasir Azərbaycan tarixi mövzusunda müsabiqə keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu müsabiqənin himayədarı qismində çıxış etmək Latviyanın keçmiş prezidenti Valdis Zatlersə təklif olunub.

O.Sokolova diqqətə çatdırır ki, Azərbaycan ilə Latviya arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün də ümidverici imkanlar var. Bu gün Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması üçün fəal səy göstərir. Həmin dəhliz vasitəsilə yüklər müxtəlif Asiya ölkələrindən Şərqi və Şimali Avropaya, Skandinaviya ölkələrinə və əks istiqamətdə daşınacaq.

2017-ci ildə dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyevin səfəri çərçivəsində keçirilmiş Azərbaycan-Latviya biznes forumunda 120-dən çox şirkəti təmsil edən 200-ə yaxın sahibkar iştirak edib.

Məqalə müəllifi əmindir ki, qarşılıqlı münasibətləri fəal inkişaf edən iki dövlət arasında əməkdaşlıq üçün yetərincə geniş zəmin və çox ümidverici perspektivlər var.

Arxiv üzrə axtarış