2018-05-26

Latviya Respublikasındakı Azərbaycan Səfirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünü” münasibətilə rəsmi qəbul keçirilmişdir.

2018-ci ilin 25 may tarixində Latviya Respublikasındakı Azərbaycan Səfirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünü” münasibətilə rəsmi qəbul keçirilmişdir.

Latviya Milli Simfonik Orkestrinin binası – “Böyük Gildiya” sarayında keçirilən tədbirdə əvvəlcə Azərbaycandan dəvət edilmiş “Emil Əfrasiyab və dostları” musiqi qrupunun  ifasında möhtəşəm konsert proqramı təşkil olunmuşdur. Etno-caz janrında keçirilən konsertdə Latviya ictimaiyyətinin tanınmış nümayəndələri, Riqa şəhərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və Azərbaycan icmasının üzvlərindən ibarət 500 nəfərə yaxın qonaq iştirak etmişdir.

Azərbaycan və Latviya himnlərinin səslənməsi ilə başlayan qəbulda çıxış edən səfir C. Axundov, Şərqdə yaradılmış ilk parlament respublikası –Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik və dünya demokratiya tarixində yeri və rolundan geniş bəhs etmişdir.

 Bu il Azərbaycanla bərabər Latviya Respublikasının da öz dövlət müstəqilliyinin yüzüncü ildönümünü qeyd etdiyini söyləyən səfir, müstəqilliyimizin bərpa edilməsindən sonra Azərbaycan-Latviya münasibətlərinin tarixində yeni bir səhifənin açıldığını, siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə münasibətlərimizin uğurlu inkişaf yoluna qədəm qoyduğunu söyləmişdir. Təkcə son iki ildə ölkələrimizin prezidentləri, parlament sədrləri, xarici işlər nazirləri, ədliyyə nazirləri və digər mühüm dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini, Hökumətlərarası Komissiyanın iki iclasının baş tutduğunu qeyd edən səfir, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş əhəmiyyətli qərarların qəbul edildiyini və mühüm sazişlərin imzalandığı diqqətə çatdırmışdır.

Sonra söz mərasimin fəxri qonağı, Latviya Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi (nazirin birinci müavini) Andreys Pildeqoviçsə verilmişdir.

Çıxışı zamanı Azərbaycan və Latviyanın əlverişli strateji-coğrafi regionlarda yerləşdiyini və hər iki xalqın oxşar talelər yaşadığını qeyd edən A. Pildeqoviçs, hələ bir əsir bundan öncə xalqlarımızın öz müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizə apardığını və bu il hər iki ölkənin öz dövlət müstəqilliyinin 100-cü ildönümünü qeyd etdiyini diqqətə çatdırmışdır.

1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Respublikasının cəmi iki il yaşamasına baxmayaraq onun müsəlman dünyasında ilk parlament respublikası olduğunu və bu dövlətin hətta Britaniya və ABŞ-dan öncə qadınlara seçki hüququ verdiyini qeyd edən qonaq, bütün bu mütərəqqi nailiyyətlərə Bolşevik işğalı ilə son qoyulduğunu və bunun ardınca ölkənin Sovet İttifaqına birləşdirildiyini söyləmişdir. 

Bu gün Azərbaycan və Latviyanın azad ölkələr olduğunu qeyd edən A.Pildeqoviçs, ölkəmizin Latviyanın vacib tərəfdaşı olduğunu və Latviyanın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini söyləmişdir.

Həmçinin Azərbaycan və Latviyanın öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən hər iki ölkənin təkcə dövlət başçıları səviyyəsində deyil, parlament, hökumət və yerli hakimiyyət orqanları arasında da sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edən qonaq, 2019-cu ilin 11 yanvar tarixində iki ölkə arasında diplomatik əlaqələrin 25-ci ildönümünü qeyd enəcəyimizi söyləmişdir. 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin iyun ayında Latviya Respublikasına səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalandığını xatırladan qonaq, bununla ölkələrimiz arasında münasibətlərin yeni bir mərhələyə yüksəldiyini söyləmişdir.

Həmçinin bu gün iki ölkənin paytaxtları arasında birbaşa hava nəqliyyatı əlaqəsinin mövcud olduğunu və hazırda ölkələrimiz arasında təkcə siyasi və iqtisadi əlaqələr deyil, xalqlarımız arasında da birbaşa təmasların artmasından məmnunluğunu ifadə edən qonaq, latviyalı turistlərin Azərbaycanın qonaqpərvərliyi və onun qədim mədəniyyətini yüksək qiymətləndirdiyini və hər il onların Azərbaycana səfərə davam etdiklərini diqqətə çatdırmışdır. Həmçinin 2017-2018-ci təhsil ilində ölkəsinin ali təhsil müəssisələrində 129 azərbaycanlı tələbənin təhsilə cəlb edildiyini məmnunluqla qeyd edən qonaq, Latviyada yaşayan azərbaycanlı icmasının ölkənin müxtəlif dövlət və mədəniyyət tədbirlərində də fəal iştirak etdiyini söyləmişdir.

Latviyanın hər zaman Azərbaycan-Aİ münasibətlərinin möhkəmləndirilməsinə dəstək verdiyini qeyd edən A. Pildeqoviçs, bunun xüsusilə Avropa qanunları və dəyərləri üzrə təcrübə və biliklərin transferində daha aydın təzahür etdiyini söyləmişdir. Bu gün Avropanın enerji mənbələrinin diversifikasiyasında Azərbaycanın töhfələrini yüksək qiymətləndirən qonaq, yaxın zamanda Trans-Anadolu boru kəməri layihəsinin fəaliyyətə başlayacağından  məmnun olduqlarını bildirmişdir.      

Çıxışların ardınca mərasim iştirakçılarına geniş konsert proqramı təqdim edilmişdir. Azərbaycanın caz musiqisi və milli muğam elementlərini özündə birləşdirən geniş konsert proqramı dinləyicilərdə Azərbaycan musiqi sənətinə böyük maraq oyatmış və gurultulu alqışlarla qarşılanmışdır.

Kosert proqramının ardınca tədbir iştirakçılarına Azərbaycanın milli mətbəx nümunələrindən ibarət böyük ziyafət verilmişdir.

DSC_1654

DSC_1665

DSC_1709

DSC_1729

DSC_1741

DSC_1783

DSC_1783

DSC_1787

DSC_1791

DSC_1865

DSC_1962

DSC_1970

Arxiv üzrə axtarış