2018-07-27

Latviya-Azərbaycan iqtisadi əməkdaşlığı genişlənir

2018-ci ilin 23-24 iyul tarixlərində Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına işçi səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə AR Milli Məclisinin deputatları – Kamran Bayramov (Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun sədri), Rüstəm Xəlilov (işçi qrupun üzvü), “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin sədri Vüqar Zeynalov, “Azərbaycan Respublikasının Polşa Respublikasındakı Ticarət Nümayəndəliyinin rəhbəri Nemət Nağdəliyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev, Dövlət Aqrar Ticarət Şirkətinin rəhbəri Leyla Məmmədova, habelə Azərbaycanda 18 şirkəti təmsil edən 26 iş adamı daxil edilmişdir.  

Səfər çərçivəsində nümayəndə heyəti Latviya Respublikası Baş nazirinin müavini – iqtisadiyyat naziri cənab Arvils Aşeradens, Latviya Respublikasının nəqliyyat naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Latviya tərəfindən olan həmsədri cənab Uldis Auqulis və Latviya Respublikasının İqtisadiyyat Nazirliyinin parlament katibi cənab Yānis Upeniks ilə görüşmüş və Riqa şəhərində Azərbaycan Ticarət Evinin rəsmi açılış mərasimində iştirak etmişdir. 

Görüşlərdə iki ölkə arasında biznes və sərmayə mühitinin təşviqi, tranzit yükdaşımaları, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmış, bu xüsusda Azərbaycanda yaradılmış müasir nəqliyyat-logistika və sənaye infrastrukturu barədə müqabil tərəflərə ətraflı məlumat verilmişdir. Həmçinin Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında Latviya və regional bazarlara çıxarılması imkanları təşviq edilərək, Azərbaycanda yaradılmış sənaye parkları, sənaye məhəllələri və aqroparkların təklif etdiyi güzəştli şərtlərin ölkəmizdə mövcud olan əlverişli sərmayə mühitindən xəbər verdiyi diqqətə çatdırılmışdır. Həmçinin səfir Cavanşir Axundovun təşəbbüsü ilə iki ölkə və regionun ticarət imkanları, tranzit-ticarət infrastrukturu və tariflərinin daha yaxından öyrənilməsi və ölkələrimizin işgüzar dairələrininin məlumatlandırılması, bu istiqamətdə regionun maraqlı ölkələrinin səfirlərinin iştirakı ilə birgə görüş və məsləhətləşmələrin keçirilməsinə qarşılıqlı razılıq ifadə edilmişdir. 

Səfər çərçivəsində 23 iyul tarixində Azərbaycan Ticarət Evinin rəsmi açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində Latviya Respublikasının nəqliyyat naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Latviya tərəfindən olan həmsədri cənab Uldis Auqulis, Latviya İqtisadiyyat Nazirliyinin parlament katibi Yanis Upeniks, Latviya Respublikasının keçmiş prezidenti Valdis Zatlers, Riqa şəhərinin vitse-meri Andris Ameriks, Latviya seyminin deputatı - Latviya-Azərbaycan parlament dostluq qrupunun həmsədri Xosam Abu Meri, Latviya Seyminin Aqrar, Kənd Təsərrüfatı və Regional siyasət komissiyasının sədri - Azərbaycan əsilli deputat Roman Naudinş, Latviya Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Andis Yakobson və digər nüfuzlu dövlət və hökumət nümayəndələri, biznes və ictimai təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Açılış mərasimində ilk öncə Azərbaycan və Latviyanın dövlət himnləri səsləndirilmişdir.

Sonra Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Latviya Respublikasının nəqliyyat naziri, Azərbaycan – Latviya Hökumətlərarası Komissiyasının Latviya tərəfindən həmsədri Uldis Auqulis, Latviya Respublikasının İqtisadiyyat Nazirliyinin parlament katibi Yānis Upeniks, AR Milli Məclisinin deputatı – Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun sədri Kamran Bayramov açılış və təbrik nitqləri ilə çıxış etmişlər. 

Çıxışların ardınca Azərbaycan Ticarət Evinin rəsmi açılışı olmuş, səfir Cavanşir Axundov, Ticarət Evinin rəhbəri Rüfət Quliyev, Latviya Respublikasının nəqliyyat naziri Uldis Auqulis, Latviya Respublikasının keçmiş prezidenti Valdis Zatlers və digər fəxri qonaqlar tərəfindən Azərbaycan Ticarət Evinin rəsmi açılış lenti kəsilmişdir. Sonra qonaqlar Azərbaycan Ticarət Evində sərgilənən çoxçeşidli mal və məhsullar ilə tanış olmuşlar.

Tədbir çərçivəsində Azərbaycanın “Kaslar”MMC və “Bina Aqro” MMC şirkətləri ilə Latviyanın müvafiq olaraq  SIA “Alis Co” və SIA  “Lietas” şirkətləri arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.

Açılış mərasimindən sonra tədbirin fəxri qonaqlarının şərəfinə rəsmi nahar verilmişdir.

24 iyul tarixində AR iqtisadiyyat nazirinin müavini cənab Sahib Məmmədov tərəfindən latviyalı iş adamlarının şərəfinə işçi səhər yeməyi verilmişdir.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və sərmayə mühiti, müasir nəqliyyat-logistika və sənaye infrastrukturu, bu xüsusda sənaye parkları, sənaye məhəllələri və aqroparkların təklif etdiyi yeni biznes imkanları,  habelə Azərbaycan və Latviya məhsullarının yerli və regional bazarlarda təşviqi imkanları ətrafında geniş fikir mübadiləsi aparılmış, dəyərli tövsiyələr verilmiş və qonaqların sualları cavablandırılmışdır. S. Məmmədov latviyalı iş adamlarını Azərbaycana səfər və əməkdaşlığa dəvət etmişdir.  

IMG_5420

IMG_5495

IMG_5440

IMG_5473

IMG_5541

Arxiv üzrə axtarış