Sentyabrın 13-də Azərbyacanın Latviyadakı səfiri Cavanşir Axundovun xanımı Zümrüd Axundova-Dadaşzadə Koreyanın Latviyadakı səfiri cənab Seong-Jin Hanın dəvəti ilə səfirin rezidensiyasında olmuşdur.
Koreya respublikasının milli ənənələri ilə tanışlıq məqsədi güdən bu görüşə Latviyanın sabiq prezidenti cənab Valdis Zatlers, Latviyada fəaliyyət göstərən bir sıra ölkələrin səfirliklərinin missiya başçıları (Norveç, BƏƏ, Gürcüstan), habelə ayrı-ayrı səfirliklərin ( ABŞ, Niderland krallığı, Estoniya, İspaniya) nümayəndələri qatılmışlar. Tədbir əsnasında qonaqlara zəngin Koreya mətbəxi, onun özəllikləri haqqında ətraflı məlumat verilmişdir. Daha sonra Koreya mətbəxinin əsas yeməklərindən biri - kimçinin hazırlanması üzrə ustad dərsi keçirilmişdir. Qonaqlar Koreya mətbəxinin təamlarını dadmaq imkanı əldə etmişlər. Sonda tədbir iştirakçıları cənab Seong-Jin Hana və onun xanımına qonaqpərvərliyə və maraqlı söhbətə görə təşəkkürlərini bildirmişlər. Səfir bu tipli tədbirlərin davamlı xarakter daşıyacağını söyləmişdir. Görüş xatirə şəkillərinin çəkilməsi ilə sona çatmışdır.