2018-12-11

Azərbaycan Latviyada xeyriyyə yarmarkasında təmsil olunub

Riqa Dumasının binasında Beynəlxalq Qadınlar Klubunun və xarici ölkələrin Latviyada akkreditə olunmuş səfirliklərinin dəstəyi ilə 22-ci Beynəlxalq Milad xeyriyyə yarmarkası keçirilib. Yarmarkada Latviyada fəaliyyət göstərən diplomatik korpusun 30-a yaxın stendi yer alıb.

Azərbaycanın Latviyadakı səfirliyi xeyriyyə yarmarkasında təmsil olunub. Səfirliyin əməkdaşlarının dəstəyi ilə hazırlanmış Azərbaycan pavilyonunda milli mətbəximizin təamları, habelə ölkəmiz haqqında bukletlər təqdim olunub. Hər il olduğu kimi, bu il də Azərbaycan guşəsi öz zənginliyi ilə diqqəti cəlb edib. Burada iştırakçılara mürəbbə, çay, müxtəlif şərab növləri, süfrələrimizin bəzəyi olan paxlava və şəkərbura, ət və göy qutabları, həmçinin şahplov, lülə-kabab və dolma təqdim olunub. Stendin qabağında izdiham yaradan iştirakçılar xüsusən yerli çay və mürəbbələrə maraq göstəriblər.

Latviya Prezidenti Raymonds Veyonis xanımı ilə birlikdə Azərbaycan pavilyonuna gəlib, milli yeməklərin dadına baxıb. Səfir Cavanşir Axundov Latviya prezidentinə milli məhsullarımızdan ibarət hədiyyə təqdim edib.

Prezident Azərbaycan stendinin fonunda şəkil çəkdirib, qonaqpərvərliyə və xeyriyyə yarmarkasında iştirakına görə Azərbaycan səfirliyinə təşəkkür edib.

Satışdan əldə edilən vəsait Beynəlxalq Qadınlar Klubunun Latviyada əməkdaşlıq etdiyi 15 xeyriyyə təşkilatına ianə ediləcək.

Arxiv üzrə axtarış