Səfir Cavanşir Axundov Latviya Respublikası Seyminin spikeri xanım İnara Murnietse ilə görüş keçirmişdir.
Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfiri Cavanşir Axundov cari ilin 11 dekabr tarixində Latviya Respublikası Seyminin spikeri xanım İnara Murnietse ilə görüş keçirmişdir.
Görüş zamanı C.Axundov xanım Murnietse`ni Latviya Respublikasında 2018-ci ilin 06 oktyabr tarixində keçirilmiş parlament seçkiləri nəticəsində millət vəkili və ikinci dəfə Latviya parlamentinin sədri seçilməsi münasibətilə təbrik etmişdir.
Səmimi mühitdə keçən görüşdə İnara Murnietse özünün Azərbaycana və Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Latviyaya səfərlərini xatırlamış, ölkələrimiz arasındakı siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.
Səfir C.Axundov sözügedən səfərlərin ölkələrimiz arasındakı münasibətlərə töhfə verdiyini qeyd etmişdir.
Latviya parlamentinin spikeri özünün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə 2018-ci ilin 28 noyabr tarixində keçirilmiş “Birləşmiş Avropa layihəsinə yeni baxış” konfransında iştirakından söhbət açmış, belə vacib konfransın Riqa şəhərində baş tutmasından məmnunluğunu ifadə etmişdir.
Görüşün gedişində iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri müzakirə olunmuşdur.