Arif Məlikovun əsəri “Plisetskayaya ithaf” tamaşasında
Latviya Milli Opera teatrının səhnəsində XX əsrin ən görkəmli balet ustalarından biri – Mayya Plisetskayanın şərəfinə iki hissədən ibarət “Mariinski teatrının solistləri. M.Plisetskayaya ithaf” qala- tamaşası göstərildi. Tamaşada Plisetskayanın yaradıcılıq həyatında önəmli yer tutan Bize-Şedrinin “Karmen-süitası”, habelə onun sevimli baletlərindən (məsələn, Çaykovskinin “Qu gölü”ndən) fraqmentlər Sankt-Peterburq baletinin ulduzlarının ifasında sərgiləndi. Fərəhlidir ki, həmin proqramda Azərbaycanın ünlü bəstəkarı, xalq artisti, akademik, professor, dünya şöhrətli Arif Məlikovun Nazım Hikmətin dramı əsasında bəstələdiyi “Məhəbbət əfsanəsi” (baletmeyster Y.Qriqoroviç) baletindən də bir parça – Məhmənə Banunun monoloqu tamaşaçılara təqdim olundu. Bu da təsadüfi deyil. M.Plisetskaya dəfələrfə “Məhəbbət əfsanəsi”ndə yaradığı obrazı özünün ən sevimli partiyaları sırasında qeyd edirdi. Bu gözəl sənətkarı Arif Məlikovla illərin dostluğu, yaradıcılıq əməkdaşlığı birləşdirir. Məhmənə Banu kimi mürəkkəb, ziddiyyətli, güclü xarakteri balet səhnəsində müxtəlif illərdə balet sənətinin ən tanınmış ustaları - N.Timofeyeva, N.Semizorova, M.Leonova, U.Lopatkina. S.Zaxarova – siyahını davam etdirmək olar - canlandırmışlar. Riqa səhnəsində Məhmənə Banu Sankt-Peterburqun Mariinski Opera və Balet teatrının aparıcı solisti Aleksandra İosifidinin çox ekspressiv təfsirində təqdim edildi. Xüsusi qeyd edək ki, “XX əsrin ən görkəmli baleti” (C.Noymayer) kimi qiymətləndirilən “Məhəbbət əfsanəsi”nin premyerası uzaq 1961-ci ildə məhz bu teatrın səhnəsində gerçəkləşdirilmişdir. Tamaşadan sonra Ü.Hacıbəyli adına BMA-nın professoru Zümrüd Dadaşzadə A.İosifidini təbrik edib, onunla qısa söhbət etmək imkanı əldə etdi. Aleksandra “Məhəbbət əfsanəsi” baletinin bütün truppanın ən sevimli sənət əsərlərindən biri olduğunu söylədi. O vurğuladı ki, Məhmənə Banu obrazı onu öz dərinliyi, qeyri-adi dolğunluğu, musiqi təcəssümünün parlaqlığı ilə həmişə cəlb edir. “Məhəbbət əfsanəsi”, şübhəsiz, teatrımızın repertuarının yarasığıdır”,- deyə o bildirdi. Söhbət əsnasında Mariinski teatrın bədii rəhbəri və baş direktoru Valeri Gergiyevin Arif Məlikovla sənət dostluğundan da söz düşdü. Məşhur sənətkarın 2008-ci ildə Bakıda A.Məlikovun yubiley tədbirlərində heyrətamiz çıxışları xatırlandı. Onu da deyək ki, qastrol səfərini daim tamaşaçıları maraqlı layihələri ilə sevindirən “Art-Forte” kompaniyası ( idarə heyətinin sədri:Y.Loçmele) təşkil etmişdir.