2019-10-24

Riqada “İtalyan dili həftəsi” çərçivəsində musiqi və poeziya gecəsi

Riqada "İtalyan dili həftəsi"(XIX Week of the Italian language in the World) çərçivəsində oktyabrın 22-də şəhərin əsas konsert meydançası - Böyük Gildiyanın Ağ salonunda Cakomo Puççiniyə həsr olunmuş maraqlı bir ədəbi-musiqili gecə keçirildı. Gecəni İtaliyanın  Latviyadakı səfiri Sebastiano Fulçi açdı. O,Puççininin yaradıcılıq yolu haqqında qısa məlumat verib, bəstəkarın  operalarında qadın obrazlarının təcəssümünə xüsusi diqqət yetirdi. Daha sonra tanınmış  soprano Anta Yankovska Puççininin "Manon Lesko", "Bohema", "Toska", "Madam Batterflay", "Canni Skikki", "Qaranquş", "Turandot" operalarından ariyaları  özünəxas ekspressiv tərzdə səsləndirdi. Müğənnini fortepianoda Helena Kundrata müşayiət edirdi. Gecənin özəlliyi ondan ibarət idi ki, qonaqlar  bu və ya digər ariyanın ifasından öncə  mətni italyan dilində qiraət etməli idi. Tədbirdə iştirak edən  musiqişünas Zümrüd Axundova-Dadaşzadəyə Puççininin "Bohema" operasından ariyanın (Racconta di Mimi) mətnini oxumaq təklif olunmuşdu. Həmin mətni səsləndirməkdən öncə Zümrüd xanım kiçik təqdimat etmiş, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını təmsil etdiyini, Hacıbəylinin  bütün Şərq aləmində ilk operanın yaradıcısı olduğunu vurğulamışdır. Gecədən aldığı təəssüratlarla bölüşən  azərbaycanlı musiqişünas etiraf etmişdir ki, belə bir tədbirdə iştirak etmək onun üçün  önəmli bir təcrübə oldu: "Bu, Puççininin opera dünyasına valehedici bir səyahət idi! A.Yankovskaya bir saat ərzində bizi bəstəkarın operalarının bir-birindən gözəl – sevən, sevilən, xəyanətlə qarşılaşan, bəzən zərif, bəzən güclü qadın obrazları ilə görüşdürdü. Sənətkarın operalarını dəfələrlə dinləmişəm və  adətən gözəl səslərdən ( Kallas, Freni, Tebaldi, Kabalye, Fleminq, Stratas, Netrebko, bizim Fidan və Xuraman Qasımovalar və s.) və ecazkar musiqidən həzz almışam. İştirak etdiyim  tədbir məni söz və musiqinin əlaqəsi  probleminə daha həssas yanaşmağa sövq etdi. Tədbir öncəsi mən bir daha  Miminin ariyasını məşhur ifaçıların  təfsirində dinlədim və hər birinin sözlə necə  fərqli davrandığını  anladım. İtaliyanın Latviyadakı səfirliyinə, şəxsən xanım Yeva Baltujeya bizi italyan opera musiqisi ilə qovuşduran bu gözəl layihəyə dəvət etdikləri üçün minnətdarlığımı bildirirəm”.

e529ff7d-2c2a-46ad-b380-6c09f05867b2

WhatsApp Image 2019-10-23 at 14.19.20

WhatsApp Image 2019-10-23 at 14.19.53

WhatsApp Image 2019-10-23 at 14.20.22

WhatsApp Image 2019-10-23 at 14.20.38

WhatsApp Image 2019-10-23 at 14.21.05

Arxiv üzrə axtarış