2019-12-02

RİQADA NƏSİMİNİN 650 İLLİK YUBLİLEYİ QEYD OLUNDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən  Nəsiminin  650 illik yubileyi münasibətilə  2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub.  Dahi  Azərbaycan şairi, mütəfəkkiri Nəsiminin yubileyi  həm onun  vətənində, həm də müxtəlif ölkələrdə maraqlı tədbirlərlə qeyd olunur.

Bir neçə gün öncə Latviyanın, ümumən Baltikyanı ölkələrin ən böyük və müvəffəq təhsil ocaqlarından birində - Riqa Klassik gimnaziyasında Nəsiminin yubileyinə həsr olunmuş  elmi-bədii gecə keçirildi.  Bu tədbirin  ərsəyə gəlməsində Riqada təhsil alan  azərbaycanlı tələbələrin  rolu  önəmli idi. Məhz onlar Azərbaycan Səfirliyinin çağırışına cavab verərək, "Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin fəalları, Riqa Klassik gimnaziyasının tələbə və məzunları ilə bahəm rəngarəng bir  kompozisiya (ssenari müəllifi Sevinc Məmmədova) təqdim etdilər. Burada  musiqi parçaları, şeirlərin qiraəti, teatrlaşdırılmış səhnəciklər, elmi məruzələr bir-birini üzvi şəkildə tamamlayırdı. 
       Nəsimi irsi ədəbiyyat tarixində nə kimi əhəmiyyət kəsb  edir?  Nə səbəbdən biz bu gün Nəsimi yaradıcılığına dönə-dönə üz tuturuq? Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov   çıxışını məhz bu suallar ətrafında quraraq, Nəsiminin ilk dəfə Azərbaycan dilində "Divan" yaratdığını, dilimizi zənginləşdirdiyini, ədəbiyyatımızın gələcək inkişafına Nəsimi şeirinin təsirinin möhtəşəm olduğunu nəzər-diqqətə çatdırdı. O, Nəsiminin geniş tanınmasında, irsinin tədqiqində ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində gerçəkləşdirdiyi addımların önəmini vurğuladı.  O zaman Azərbaycana rəhbərlik edən  Heydər Əliyevin səyləri nəticəsində  şairin yubileyinin YUNESKO-nun təqviminə salındığını, 1973-cü ildə Bakıda və Moskvada  Nəsiminin 600 illiyinin  təntənəli surətdə qeyd edildiyini, bu tarixlə bağlı  sənət əsərlərinin yazıldığını,  tədqiqatların aparıldığını, Nəsimiyə heykəl ucaltdırıldığını, adının Elmlər Akademiyasının Dilçilik İnstitutuna verildiyini  və s. faktları  xatırlatdı.

C.Axundov Nəsimi irsinin öyrənilməsi və tədqiqinin hal-hazırda keyfiyyətcə yeni səviyyədə həyata keçirildiyini vurğuladı: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi, səfirin təbirincə,  böyük şairin yaradıcılığının tədqiqinə və geniş  miqyasda təbliğinə  güclü təkan vermişdir.

 Riqa Klassik gimnaziyasının direktoru, Latviya Təhsil və Elm  Nazirliyi  nəzdində məsləhət şurasının sədri, “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, fəlsəfə elmləri doktoru Roman Əliyev Nəsiminin fəlsəfi fikir dünyasına üz tutub,  bir sıra Avropa mütəfəkkirləri ilə Nəsimini müqayisə edərək, onların konsepsiyalarında ümumi cəhətləri üzə çıxarmağa çalışdı. O, həmçinin Nəsiminin qəzəllərinin  tərcüməsi ilə bağlı çətinliklərdən söz açaraq, şairin qəzəllərindən birini  latış dilində şövqlə oxudu.

Ümumiyyətlə, tədbirdə Nəsimi şeirləri  dörd dildə - Azərbaycan,  latış,  rus və türk  dillərində  ifa edildi.   Gecəni azərbaycanlı tələbələr Sevinc Məmmədova və Rasim Məmmədov Azərbaycan və rus dillərində  məharətlə idarə etdilər. Gimnaziyanın şagirdləri  Mark Staseviç və Alyona Yefremova latış dilində Nəsiminin həyat və yaradıcılıq yolu haqqında  auditoriyaya qısa məlumat verdilər. Şairin rəngarəng qəzəllər çələngini Anastasiya Moroz, Elizabet Nəsibova, Samir Əzizov  təqdim etdilər.

Gecənin təşkilatçısı və koordinatoru, uzun illər  Riqada Azərbaycan dilini uğurla tədris edən Günay xanım Əliyeva idi. O, Nəsiminin “Hardasan” qəzəlini tanınmış sənətkar, Mixail Çexov adına Riqa Rus Dram teatrının aparıcı aktyoru Yakov Rafalsonla dialoqda həzin musiqinin sədaları altında olduqca duyğulu ifa edib, dinləyicilərin  zövqünü oxşadı.

 Tədbir  ərzində müxtəlif musiqi  parçalarını  səsləndirilməsi (burada tələbə Nurlana Rzayevanın  rolunu qeyd edək) ona xüsusi bir rəng qatdı: Alim Qasımov, Sami Yusuf, Teyyub Aslanov, Sevda Ələkbərzadənin ifaları, “Nəsimi” bədii filmindən fraqmentlər  maraqla qarşılandı.

  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi  Zümrüd Dadaşzadə öz  məruzəsində Nəsiminin musiqi dünyasına  üz tutdu. O, Nəsimi dövrünün musiqi panoramını canlandırmağa çalışdı, Nəsimi  obrazlarının bəstəkar yaradıcılığında  təcəssümündən söz açdı. Musiqişünas Bakıda  Heydər Əliyev Fondunun  təşkilatçılığı ilə ard-arda iki il böyük uğurla  keçirilən  “Nəsimi – şeir, incəsənət və mənəviyyat” festivalı haqqında da məlumat verdi. O, çıxışını Milli Konservatoriyanın  “Əsrlərin sədası”  qədim  milli musiqi alətləri ansamblının kompozisiyaları, Azərbaycan bəstəkarlarının (F.Əmirov, C.Cahangirov, Ə.Hüseynzadə, A.Rzayev, E.Sabitoğlu, F.Əlizadə və b.) müxtəlif janrlarda yazılmış əsərlərindən fraqmentlərlə illüstrasiya etdi. Nəsimi poeziyasının məzmunu və ahənginin  müxtəlif  üslublu (akademik musiqi, caz, rep) yaradıcılar üçün cazibədar olduğunu söyləyən natiq  YUNESKO-da Nəsiminin 650 illik yubileyinin təntənəli surətdə keçirildiyinə və  həmin tədbirin bədii hissəsinin özəlliklərinə xüsusi diqqət yetirdi.

Riqa Klassik gimnaziyasının şagird və məzunlarının təqdimatında Xalq şairi Qabilin “Nəsimi” poemasından səhnələrin  sərgilənməsi xüsusi marağa səbəb oldu. Sonda gimnaziyanın direktoru,  latış dilində çıxışların hazırlanmasında böyük əməyi olan   R.Əliyev gecənin  fəallarını  xatirə hədiyyələri ilə mükafatlandırdı.

Böyük uğurla keçən  bu gecədə qonaq qismində  Türkiyənin Latviyadakı  səfirliyinin müşaviri Melihe Gülçe Kumrulu, Riqa ictimaiyyətinin nümayəndələri, Klassik gimnaziyanın aparıcı müəllimləri və şagirdləri  iştirak etdilər.

image00006

image00009

image00014

image00025

image00027

image00039

image00042

image00043

image00046

image00050

image00053

Arxiv üzrə axtarış