Dirijor Fuad İbrahimovun Riqa zəfəri
Bu günlərdə Riqanın əsas konsert salonu – Böyük Gildiyada Latviya Milli Simfonik Orkestri (1926-cı ildə yaradılıb) ilə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov çıxış etdi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yetirməsi, Köln Konservatoriyasının məzunu, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Baku Chamber Orchestra, gənclərdən ibarət Münhen simfonik orkestrinin (Neue Philharmonie München) baş dirijoru, dirijorların Y.Svetlanov adına IV Beynəlxalq müsabiqəsinin qaliblərindən biri, Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl Çinar” mükafatının 2019-cu ildə laureatı F.İbrahimovun qastrol marşrutları dünyanın ən müxtəlif ölkələrindən keçir. Təkcə cari ildə o, Fransa, Almaniya, Yaponiya, İspaniya, İsveçrə, Rumıniya, Rusiya və başqa ölkələrdə çıxış etmişdir. Onun qastrol fəaliyyətinin təşkili ilə “Productions Internacionales Albert Sarfati” Paris agentliyi məşğul olur. Həmin agentliklə Kremer, Ozava, Berezovski, Kisin, Eyfman, Repin, Knyazev kimi sənətkarlar da əməkdaşlıq edirlər.
Latviya musiqisevərləri Fuad İbrahimov sənəti ilə artıq tanışdırlar. Bu ilin sentyabrında o, “Kremerata Baltica” orkestrinin bədii rəhbəri, dünya şöhrətli musiqiçi Gidon Kremerin dəvəti ilə Yurmala festivalında uğurla çıxış etmişdir.
Əvvəlcədən vurğulayaq ki, konsertə biletlər ay yarım öncə satılmışdır. Gildiya administrasiyası bu musiqi gecəsinə marağın böyüklüyünü nəzərə alaraq, əlavə stullar qoymaq məcburiyyətində qalmışdır.
Latviya Milli Simfonik Orkestri Baltikyanı ölkələrin ən yaxşı simfonik kollektivi kimi tanınır. Onun fəaliyyəti miqyası, repertuarı, təqdim etdiyi əsərlərin üslub spektri zənginliyi ilə seçilir. 1926-cı ildə yaradılmış bu orkestrin baş dirijoru hal-hazırda Andris Poqadır. Ötən mövsümdə orkestrin pultu önünə Vasili Sinayski, Vladimir Fedoseyev, Jan-Klod Kazadezyus kimi məşhur dirijorlar qalxmışlar.
Böyük Gildiyada baş tutan son konsertin proqramına dünya simfonik musiqisinin şedevrləri - Çaykovskinin Beşinci simfoniyası, Motsartın “Sehrli fleyta” operasından uvertürası və Klarnet və orkestr üçün Konserti daxil idi. Motsartın konsertində solist qismində tanınmış latviyalı ifaçı Martinş Tsirsenis (Martinsh Circenis) çıxış etdi. O, Latviya orkestrinin birinci klarnetistidir.
Proqramın mərkəzi əsəri Çaykovskinin möhtəşəm Beşinci simfoniyası idi. Fuad İbrahimov bu simfoniyanı kəskin təzadlar aşılanmış miqyaslı dramatik lövhə kimi yozaraq dinləyici auditoriyasını sarsıtdı. F.İbrahimovun Latviya orkestri ilə təması valehedici idi. Orkestr dirijorun hər bir jestinə ani olaraq reaksiya verir, hər bir göstərişinə həssaslıqla yanaşırdı.
Onu da qeyd edək ki, F.İbrahimov konsertdən öncə auditoriya ilə Böyük Gildiyanın kamera zalında görüşüb təhsili və müəllimləri ilə bağlı bir çox suallara cavab vermək imkanı əldə etmişdir. Orkestrin bu ənənəsi olduqca təqdirəlayiqdir.
Sonda latviyalı dinləyicilər azərbaycanlı dirijoru alqışlarla mükafatlandıraraq, onu təkrar-təkrar səhnəyə çağırdılar. Bu, azərbaycanlı dirijorun əsl zəfəri idi. Ümid etmək olar ki, F.İbrahimovun Latviya Milli Orkestri kimi nüfuzlu kollektivlə yaradıcılıq təması yaxın zamanlarda davamını tapacaqdır.