“Riga Symphony” müsabiqəsində Azərbaycanın növbəti uğuru
Dekabr ayında, yeni il ərəfəsində Latviyanın paytaxtında ənənəvi olaraq gənc vokalçıların “Riga Symphony” adlı müsabiqə-festivalı keçirilir. 2019-cu ildə artıq səkkizinci dəfə baş tutan bu müsabiqəyə 21 ölkəni təmsil edən 300 nəfərdən çox iştirakçı toplaşmışdı. Müsabiqə 5-25 yaş arası vokalçılar üçün bütün mümkün nominasiyalar üzrə keçirilir. Burada vokal sənətinin əsas istiqamətləri - akademik vokal, jazz, pop, xalq ifaçılığı təmsil olunur. Müəllif mahnıları, latviyalı bəstəkarların nəğmələrinin ifası da qiymətləndirilir. Bu il “Diamond voice” nominasiyası, habelə xor və ansambl ifaçılığı üzrə yarışma da ümumi proqrama əlavə olundu. Daha bir nominasiya “Gənc istedadların kökləri” adlanırdı: burada isə müsabiqə iştirakçılarının valideynləri öz bacarığını sərgiləmək imkanı əldə etmişdi.
Xatırladaq ki, ötən il Azərbaycan “Riga Symphony” müsabiqəsində “dünya hiti” nominasiyasında Qran-pri (Ləman İbrahimova) və “xalq ifaçılığı” nominasiyasında gümüş mükafat (Nigar Cəlilova) qazanmışdır.
Azərbaycanı müsabiqədə İsgəndər Həsənzadə, Nəzrin Həsənzadə və Nəfisə Akiyeva təmsil edirdilər. Onların üçü də opera müğənnisi, vokal üzrə tanınmış pedaqoq Yevgeniya Məmmədovanın tələbəsidir. Nəfisə rəqabətin xüsusilə böyük olduğu 18-25 yaş kateqoriyasında yarışaraq çox ləyaqətlə çıxış etdi və kifayət qədər yüksək qiymətlər alaraq sonda müsabiqənin bürünc mükafatçısı oldu. İsgəndər (8-11 yaş kateqoriyası) və Nəzrin ( 12-14 yaş kateqoriyası) öz qüvvələrini “akademik vokal” və “dünya hiti” nominasiyalarında sınadılar. Onların çıxışı mütəxəssislərin diqqətindən yayınmadı. Hər iki gəncin gözəl səs imkanları və musiqi duyumu, habelə zəhmətsevərliyi qeyd olunmalıdır. Hər ikisi səhnədə özünü çox gözəl hiss edir və oxuduqları əsərləri dolğun çatdırmağı bacarır. Odur, azərbaycanlı vokalçıların hərəyə müvafiq olaraq - iki qızıl medal alması (cəmi dörd qızıl medal) tamamilə qanunauyğun idi. Nəzrin isə finalda – festivalın VEF Mədəniyyət Sarayında keçirilən bağlanış konsertində də Azərbaycanı təmsil etmək hüququ qazanaraq, Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını incə zövqlə səsləndirdi. G.Şaroyev adına 35 saylı musiqi məktəbində təhsil alan İsgəndər isə öz artistizmi və “sehrli” səsi ilə bir çoxlarını məftun etdi. Onun müvəffəqiyyətini konsertmeyster Lalə Bağırzadə bölüşdürdü.
Müsabiqə günlərində gənc ifaçılar əvvəlcədən tərtib olunmuş proqrama əsasən öz ölkələrinin səfirliklərində də olmaq imkanı əldə etdilər. Azərbaycanın Latviyadakı səfirliyində təşkil olunan görüşdə səfir Cavanşir Axundov gənc ifaçıları uğurlu çıxışları münasibətilə təbrik edib, onlara yeni zirvələr fəth etmək arzularını çatdırdı. Səfir xüsusi vurğuladı ki, bu gün Azərbaycanda gənclərin təlim-tərbiyəsi, ən yaxşı təhsil ocaqlarında oxuması üçün yaxşı şərait yaradılıb. Sonda gənc artistlərə xatirə hədiyyələri təqdim olundu.
Müsabiqənin münsiflər heyətinin işində artıq ikinci dəfə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi Zümrüd Dadaşzadə iştirak edirdi:
“Mənim bu gözəl müsabiqəyə qatılmağımda müəyyən qanunauyğunluq var. Axı əsas kitabımın adı “Simfoniyanın fəzası”dır. Burada mən 60-80-ci illər Azərbaycan simfoniyasının inkişafında əsas təmayülləri nəzərdən keçirirəm. “Simfoniya” sözü “həmsəda” kimi tərcümə olunur. Riqada elə müxtəlif sədaların ahənginin şahidi olduq: müxtəlif dillər, ənənələr, üslublar, temperamentlərin bir araya gəlməsi əsrarəngiz polifoniya yaratdı. Mən Riga Symphony müsabiqəsini Şərq xalçası ilə də müqayisə edərdim. Bu xalçanın hər bir naxışı gözəl və orijinaldır. Bir yerdə həmin naxışlar valehedici al- əlvan panno əmələ gətirir.
Əvvəlcədən bir cəhəti vurğulamağı lazım bilirəm. Riga Symphony rəsmən müsabiqə statusunda olsa da, onu daha çox festival kimi nəzərdən keçirərdim. Axı burada qalib və məğlub olanlar yoxdur. Əsas odur ki, müxtəlif millətlərin təmsilçiləri bir araya gələrək musiqinin dili ilə ən ülvi duyğuları – sevgini, xeyirxahlığı, dostluğu vəsf edirlər.
Əlbəttə, mükafatlandırılanlar da oldu və onların sırasında gənc azərbaycanlıları görmək çox sevindirici idi. Hər üç iştirakçı olduqca şərəflə çıxış edərək ən yüksək qiymətlərə layiq görüldülər. Onu vurğulayım ki, həmvətənlərimiz müsabiqəyə çox yaxşı hazırlaşmışdılar. Onlar hətta öz zahiri görünüşü, konsert kostyumları ilə də xoş təsir bağışlayırdılar. Hər şey – bayraqlar, milli şirniyyatın və suvenirlərin təqdimatı əvvəlcədən düşünülüb daşınılmışdı. Burada, əlbəttə, valideynlərin rolu da önəmlidir.
Festivalda iştirak etmək hamımızı son dərəcə zənginləşdirdi. Məsələn, mən İtaliya, Çexiya, Qazaxıstan, Belarus, Litva, Bolqarıstan, Portuqaliya, Polşa, Kuba, Moldova, Ukrayna, Estoniyadan festivala təşrif buyurmuş ali peşəkarlarla tanış olmaq imkanı əldə etdim. Onların çoxu azərbaycanlı iştirakçıları öz müsabiqələrində görmək arzusunu ifadə etdilər. Əsas da elə budur. Belə festivallarda yaranan əlaqələr sonralar öz bəhrəsini verir.
İstedadlı uşaqlarımıza musiqiyə uca münasibət bəsləyərək məqsədyönlü çalışmaq, durmadan dünyagörüşünü genişləndirmək, dilləri öyrənməyi tövsiyə edərdim.
Nəhayət, yeni il öncəsi uşaqlara nağıl bəxş etmiş insanı – festivalın yaradıcısı və bədii rəhbəri, bəstəkar, pedaqoq, prodüser, “Pumpurini” uşaq vokal və rəqs studiyasının direktoru Helena Lorena Şvilpenin xidmətlərini xüsusi olaraq vurğulamaq istərdim. Məhz onun titanik zəhməti, istedadı və sevgisi nəticəsində bu musiqi bayramı baş tutdu. Festivala qatılmış heç bir iştirakçı diqqətsiz qalmadı: məhz bu il xüsusi dizayn əsasında hazırlanan kubok və mükafatlar, əlbəttə, festivala əlavə rəng qatdı.
Onu da deyim ki, dünyanın müxtəlif ölkələrində müsabiqələrə münsiflər heyətinin üzvü kimi dəvət alan, uşaq və gənclərlə əlaqədar bir çox layihəyə imza atmış Şvilpe Azərbaycanda da “Baku Symphony” adı ilə müsabiqə təşkil etmək arzusunda olduğunu söylədi.
Helena Şvilpe əmindir ki, istedadsız uşaq yoxdur. Onun təşkil etdiyi festivalın əsas məqsədi isə uşaqlara xoşbəxt etməkdir. Məncə, həmin vəzifə böyük müvəffəqiyyətlə yerinə yetirildi”.