Rəsul Rzanın “Rənglər”i latış dilində nəşr olunub
2019-cu ildə Latviyanın “Petergalis” nəşriyyatında görkəmli Azərbaycan şairi Rəsul Rzanın “Rənglər” şeir silsiləsi işıq üzü görüb. Şeirləri latış dilində Uldis Berzinş çevirib. “Üç ulduz” ordeninin, ədəbiyyat sahəsində bir sıra mükafatların sahibi U.Berzinş, Latviyanın ən tanınmış şairlərindən biri, “tərcümənin kralı” adına layiq görülmüş məşhur mütərcimdir. O, qədim island, rus, polyak, türk, fars, ərəb, qədim yəhudi, türkmən dilindən tərcümələr edir. Latviyalı oxucular Berzinşin tərcüməsində “Kitabi-Dədə Qorqud” dastanını, habelə Mikayıl Müşfiq, Səməd Vurğun, Məmməd Araz, Fikrət Qoca, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən və başqa Azərbaycan şairlərinin şeirlərini oxumaq imkanı əldə etmişlər. U.Berzinş 15 il ərzində “Quranın” latış dilinə tərcüməsi üzərində çalışmışdır.
“Rənglər” Berzinşin 75 illik yubileyi ilində nəşr edilib. Kitaba illüstrasiyaların müəllifi rəssam Yuris Petraşkeviçdir. Ön sözü redaktor, şair İnqmara Bolode yazmışdır.