2020-01-15

Riqanın VEF mədəniyyət sarayında və Liepayanın “Lielais Dzintars” konsert zalında həmyerlimiz Ülvi Əzizovun uğuru

2020-ci ilin ilk günlərində Latviyada “Etoile Ballet Gala” layihəsi  (direktor Olqa Əzizova)  çərçivəsində   Riqanın VEF mədəniyyət sarayında və  Liepayanın “Lielais Dzintars” konsert zalında  Çaykovskinin əfsanəvi “Şelkunçik”  baleti  göstərilib.   Moskvanın “Klassik balet” teatrının artistlərinin iştirakilə keçən bu tamaşalarda baş rolları Andreya Mota və  həmyerlimiz Ülvi Əzizov ifa ediblər. Hər iki tamaşa auditoriya tərəfindən böyük  rəğbət, gur alqışlarla qarşılanıb. 

Ülvi Əzizov (1985) Bakı Xoreoqrafiya Məktəbinin məzunudur. O, habelə Türkiyədə də   balet ustası kimi təkmilləşib. Dünya şöhrətli  Yuri Qriqoroviçin təşkil etdiyi “Dünyanın gənc baleti”  müsabiqəsində (2006) xüsusi mükafata layiq görüldükdən sonra Ü.Əzizovun beynəlxalq karyerası vüsət almağa başlayıb. Tanınmış balet ustası V.Pisarev onu “Dünya  baletinin ulduzları” qala-konsertində iştirak etmək üçün dəvət edib.  Ü.Əzizov  Fransa, İtaliya, Yunanıstan, Rusiya, Ukrayna, Finlandiya, Çexiya, Almaniya və başqa ölkələrin balet teatrlarında  böyük uğurla çıxış edir. 2009-cu ildə R.Nureyev adına  XVI Beynəlxalq balet festivalında  Ü.Əzizov “Balet sənətinin inkişafına verdiyi töhfələr və yüksək professional sənətkarlığa görə” mükafatı ilə təltif olunub.  O, “Don Kixot”, “Bayaderka”, “Korsar”, “Jizel”, “Yatmış gözəl”, “Qu gölü”  və s.  klassik  balet tamaşalarında  parlaq obrazlar yaradıb. Latviya baletsevərləri də Ü.Əzizovu yaxşı tanıyırlar. Onun Latviyanın balet səhnələrində  müntəzəm  olaraq  müxtəlif tamaşa və qala-konsertlərdə çıxışı  bir qayda olaraq müvəffəqiyyətlə keçir və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

12891070_10153698443528003_777093042841020438_o

82815033_2657900560926438_7988255720174780416_o

55847300_10156479276003003_8166163380223082496_o

82147264_1391113114393603_5197824169567322112_n

Arxiv üzrə axtarış