Latviyada 20 Yanvar faciəsinin 30-cu ildönümü yad edilmişdir.
Azərbaycan Respublikasının Latviyadakı Səfirliyi və Riqada yerləşən Barrikada Muzeyinin birgə təşkilatçılığı ilə 16 yanvar 2020-ci il tarixində adı çəkilən Muzeydə 20 yanvar faciəsinin 30-cu ildönümünə və Barrikada hadisələrinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbir Bakı və Riqa şəhərlərində törədilmiş 20 Yanvar hadisələri nəticəsində öz ölkələrinin müstəqilliyi uğrunda canlarından keçmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Latviya Parlamentinin Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, Latviya Xarici işlər Nazirliyinin nümayəndəsi, Latviyanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmiş veteranlar, KİV təmsilçiləri, ictimai-siyasi xadimlər, bu ölkədə yaşayan etnik azlıqların rəhbərləri və Azərbaycan icmasının üzvlərinin iştirakı ilə keçirilmiş tədbirdə 20 Yanvar faciəsinə aid sənədli film nümayiş etdirilmişdir.
Tədbiri açılış sözü ilə açan səfir Cavanşir Axundov çıxışına Riqa şəhərinin mərkəzində - İçəri Şəhərdə yerləşən Barrikada Muzeyinin əhəmiyyəti haqqında danışmaqla başlamışdır. Səfir Barrikada Muzeyinin Latviyada dövlətçiliyin bərpası hərəkatının və milli oyanışın kuliminasiya nöqtəsi olan 30 illik tarixə malik hadisələr haqqında material və məlumatları mühafizə etmək kimi ali missiyanı daşıdığını diqqətə çatdırmış, burada olan sənədlərin Latviyanın müasir tarixinin gələcək nəsillər tərəfindən öyrənilməsində əhəmiyyətini vurğulamışdır.
C.Axundov daha sonra 30 il öncə Bakıda törədilmiş qanlı hadisələr haqqında söhbət açaraq keçmiş Sovet dövlətinin hərb maşınının Azərbaycan xalqının siyasi iradəsinin və müstəqillik tələbinin məqsədyönlü şəkildə susdurulması üçün istifadə edildiyini bildirmiş, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla törədilmiş təcavüz aktının nəticələri barədə məlumat vermişdir. Səfir 20 yanvar faciəsinin törədilməsini Sovet İttifaqının tarixi və sosial mahiyyətini itirmiş siyasi sisteminin iflası kimi qiymətləndirmişdir. O, bu cinayəti törədənlərin hələ də məsuliyyətə cəlb edilmədiyini, lakin ədalət qarşısında bir gün cavab verəcəklərinə inandığını söyləmişdir.
C.Axundov 20 yanvar faciəsinə həqiqi tam siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində verildiyini vurğulamışdır. Azərbaycanda törədilən bu qanlı hadisəyə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini qeyd edən səfir Ulu Öndərin faciədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə pislədiyini və Kommunist Patiyası sıralarından çıxdığını bəyan etdiyini bildirmişdir.
C.Axundov 1988-ci ilin fevral ayında baş vermiş Sumqayıt hadisələrinin Ermənistanın Kütləvi İnformasiya Vasitələri tərəfindən təhrif edilərək Azərbaycan xalqına qarşı qarayaxma kampaniyasının aparılmasına toxunaraq azərbaycanlıların öz dədə-baba torpaqları olan indiki Ermənistan ərazisindən məcburən və kütləvi zorakılıqla qovulmasının sonuncu mərhələsi haqqında söhbət açmış, 1988-ci ildə erməni millətçiləri tərəfindən yüzlərlə günahsız, əliyalın, dinc və köməksiz soydaşlarımızın müxtəlif üsullarla və qəddarlıqla qətlə yetirildiklərini və ümumilikdə 300 mindən çox azərbaycanlının öz yurdundan qovulduğunu diqqətə çatdırmışdır.
Bakıda törədilmiş faciədən bir il sonra eyni hadisənin 20 yanvar tarixində Riqada baş verdiyini qeyd edən C.Axundov Sovet İttifaqı rəhbərliyinin həyata keçirdiyi qəddarlığın xalqlarımızın tarixinə və gələcək taleyinə ömürlük həkk olunduğunu bildirmişdir.
Daha sonra Barrikada Muzeyinin direktoru Renars Zalais çıxış edərək Bakıda törədilmiş 20 Yanvar faciəsinin 1991-ci ildə Riqada baş vermiş hadisələr ilə oxşarlıq təşkil etdiyini bildirmiş, lakin Sovet hərb maşınının Azərbaycanda xüsusi qəddarlıq nümayiş etdirdiyini diqqətə çatdırmışdır.
20 Yanvar tarixinin hər iki xalqı eyni amal ətrafında birləşdirdiyini qeyd edən direktor Sovet xüsusi təyinatlılarının Riqaya hücumunu xatırlamışdır. Yerli hökumətin çağırışı ilə sözügedən hücumun qarşısının alınması məqsədilə əhali tərəfindən barrikadaların qurulduğunu söyləyən direktor bu barrikadaların qurulmasında Latviyada məskunlaşmış çox sayda azərbaycanlının da iştirak etdiyini sözlərinə əlavə etmişdir.
Tədbirin sonunda hər iki ölkədə baş vermiş faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır.
Tədbir zalında həmçinin, 1990-cı ildə Bakıda törədilmiş faciənin qurbanlarının xatirəsinə həsr edilmiş guşə hazırlanmışdır.