2020-02-25

Riqa şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir.

Azərbaycan Səfirliyi, AR Diasporla İş üzrə Dövlət Komitəsi və Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə Riqa şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir.

Riqa şəhərinin mərkəzi “K.Suns” kinoteatrında keçirilən tədbirdə Latviya Respublikasının dövlət, elm və mədəniyyət xadimləri, ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, media nümayəndələri, habelə yerli və xarici tələbələr iştirak etmişlər.    

Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən səfir C. Axundov Xocalı soyqırımının təfərrüatlarından geniş bəhs etmişdir. Xüsusi və ağlasığmaz qəddarlıqla törədilən bu soyqırımı aktının Ermənistan Respublikasının hərbi işğal və etnik təmizləmə siyasətinə xidmət etdiyini izah edən səfir, bu matəm günündə bizimlə nümayiş etdirilən həmrəyliyə görə tədbir iştirakçılarına təşəkkür etmişdir.

Həmçinin Xocalı soyqırımım beynəlxalq səviyyədə tanınması prosesi və bu xüsusda bir sıra ölkələrin parlamenti tərəfindən qəbul edilmiş müvafiq qərar və bəyanatlardan geniş bəhs edən  səfir, 2015-ci ilin 26 fevral tarixində Latviya Seymində də Xocalı soyqırımı ilə əlaqədar müvafiq bəyanatın qəbul edildiyini xatırlatmışdır. Seymin 53 deputatının imzası ilə qəbul edilmiş bəyanatda bu faciənin insanlıq əleyhinə cinayət olaraq tanındığını qeyd edən səfir, nümayiş etdirilən həmrəyliyə görə Latviya xalqına öz dərin təşəkkürünü bildirmişdir. Belə faciələrin tarixdə bir daha təkrarlanmaması üçün beynəlxalq səyləri birləşdirməyin vacibliyini vurğulayan səfir, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurduna qaytarılması üçün Latviya və dünya ölkələrinin parlamentləri tərəfindən müvafiq bəyanat və çağırışların qəbul ediləcəyinə ümidvar olduğunu bildirmişdir. 

Daha sonra çıxış edən Baltikyanı Ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının latviyalı üzvü, tədbirin təşkilatçısı Elnur Rəhimov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalıda soyqırımı barədə geniş məlumat vermişdir.

Öz növbəsində səfir Cavanşir Axundov Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bu il Almaniyanın Berlin şəhərində  keçirilmiş Ümumavropa Qarabağ mitinqində Latviyadan olan azərbaycanlıların iştirakının təşkil edilməsinə görə Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvlərinə təşəkkür etmişdir.  

Sonra mərasim iştirakçılarına Xocalı soyqırımından bəhs edən “Sonsuz Dəhliz”  sənədli filmi nümayiş etdirilmişdir. Hadisənin canlı şahidi, o zaman Litva Respublikasından olan hərbi müxbir Riçard Lapaitisin işıqlandırdığı faktlar – çoxsaylı video və foto materiallar əsasında çəkilən filmdə erməni silahlı qüvvələri tərəfindən Xocalıda insanlıq əleyhinə törədilmiş hərbi cinayətlərdən geniş bəhs edilmişdir.

Tədbirin yekununda soyqırımı qurbanlarının xatirəsinə ehsan verilmişdir. Həmçinin tədbir iştirakçılarına soyqırım ilə bağlı broşürlər paylanılmışdır.

“Sonsuz Dəhliz”  sənədli filmi “K.Suns” kinoteatrında iki gün - 24 və 25 fevral tarixlərində nümayiş etdiriləcəkdir.

DSC00371

DSC00382

DSC00400

DSC00403

DSC00404

DSC00416

DSC00425

DSC00431

DSC00438

image00008_2

image00010

Arxiv üzrə axtarış