2020-07-23

No:189/20, AR XİN Mətbuat xidməti idarəsinin AR Xarici İşlər Naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığına dair məlumatı

22 iyul 2020-ci il tarixində AR Xarici İşlər Naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. Telefon danışığında Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan da iştirak edib.

Nazir Ceyhun Bayramov Aİ rəsmisinin təbriklərini qəbul edib.

Nazir Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı və artilleriya qurğularından istifadə etməklə hücum cəhdinin qarşısının alınması və hazırda bölgədəki gərgin vəziyyət barədə həmsöhbətinə məlumat verib. Ermənistan tərəfinin bu növbəti təxribatı zamanı sərhəd yaxınlığındakı yaşayış yerlərini, mülki şəxsləri hədəfə aldığı və nəticədə 76 yaşlı dinc sakinin qətlə yetirildiyi qeyd olunub. Ermənistan tərəfinin, habelə bölgənin yaxınlığından keçən geo-strateji layihələrə təhlükə törətmək məqsədini güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb. Gərginliyin kökündə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı apardığı təcavüz siyasətinin durduğu vurğulanıb.

Cozef Borel gərginliyin alovlanmasının qarşısının alınmasının, o cümlədən bölgədəki mühüm infrastruktura hədə törədilməsindən çəkinməyin vacibliyini qeyd edib. Ali nümayəndə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli üzrə substantiv danışıqların bərpa edilməsinin zəruri olduğunu bildirib.

Ceyhun Bayramov Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların mahiyyət üzrə aparılmasının, konkret nəticəyə yönəlik olmasının vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin sadəcə danışıqlar naminə danışıqlarda iştirak etmədiyini, uzun illərdir ki, bu danışıqların davam etdiyini, lakin münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində konkret nəticənin əldə edilmədiyini ali nümayəndə Cozef Borelin diqqətinə çatdırıb. Ermənistan tərəfinin danışıqların müxtəlif bəhanələrlə uzadılması cəhdlərinin yolverilməz olduğu qeyd olunub. Münaqişənin həlli üzrə BMT TŞ qətnamələri başda olmaqla və Aİ-nin də sərgilədiyi qəti mövqe daxil olmaqla, beynəlxalq ictimaiyyətin tələblərinin yerinə yetirilməsi, işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunmasının vacib olduğu Nazir tərəfindən vurğulanıb.

Nazir Ceyhun Bayramov telefon danışığı təşəbbüsü ilə çıxış etdiyi üçün Ali nümayəndə Cozef Borelə təşəkkürünü ifadə edib

Arxiv üzrə axtarış