Səfir Cavanşir Axundov Latviya Seymi Sədrinin müavini, Seymin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri xanım Inese Lībiņa-Egnere ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərimizin səviyyəsindən qarşılılıqlı razılıq ifadə edilmişdir.
Tərəflər iki ölkə arasında parlamentlərarası əlaqələrin uğurlu inkişaf yolu keçdiyini məmnuniyyətlə qeyd etmiş, bu əlaqələrin həm ikitərəfli hə də çoxtərəfli formatlarda davamlı inkişafına qarşılıqlı maraq ifadə etmişlər.
Habelə iki ölkənin parlament dostluq qrupları arasında sıx əməkdaşlıq münasibətlərinin qurulmasından məmnun olduqlarını bildirən həmsöhbətlər, bu əlaqələrin gələcək inkişafı naminə birgə təmasların artırılmasının vacibliyini vurğulamışlar.
Görüş zamanı ölkələrimiz arasında qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.
Söhbət əsnasında səfir Cavanşir Axundov cari ilin 12 iyul tarixindən etibarən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilmiş son erməni təxribatları ilə bağlı həmsöhbətinə geniş məlumat vermiş, bu hərbi təcavüz aktı ilə əlaqədar Latviya Seyminin deputatları tərəfindən ölkəmizə göstərilən böyük dəstək və həmrəyliyə görə öz təşəkkürünü bildirmişdir.