Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Çıxış edən səfir Cavanşir Axundov ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli və çətin bir ömür yolu barədə geniş məlumat vermişdir. Ulu öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra onun ölkədə böyük iqtisadi və demokratik islahatlara başlayaraq ölkəni faktiki dağılmaq təhlükəsindən xilas etdiyini qeyd edən səfir, o zaman mövcud ağır iqtisadi və siyasi böhran, habelə işğalçı Ermənistanla müharibə şəraitində bütün bunların heç də asan olmadığını və bununla da Heydər Əliyevin faktiki olaraq Azərbaycanda yeni bir dövlətin qurucusu olduğunu söyləmişdir.
Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi demokratik və iqtisadi islahatlar sırasında yeni konstitusiyanın qəbul edilməsi, ölüm hökmünün ləğv edilməsi, ombudsman institutunun yaradılması, Əsrin Kontraktının imzalanması ilə yeni neft strategiyasının qurulması və s. bu kimi tarixi nailiyyətlərdən geniş bəhs edən səfir, bütün bunların Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və xalqımızın maddi rifahın yüksəldilməsinə səbəb olmaqla, bütöv Avrasiya məkanında yeni bir siyasi və iqtisadi inqilab hadisəsi olaraq yaddaşlara həkk olunduğunu söyləmişdir.
Bütün bu nailiyyətlərin Azərbaycanda ordu quruculuğu sahəsində də geniş vüsət aldığını qeyd edən səfir, müasir və müzəffər ordumuzun təməlinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin öz başlanğıcını hələ Sovetlər İttifaqı dövründən götürdüyünü geniş şəkildə izah edən səfir, ümummilli liderimizin uzun illər boyu hərbi təhsil, təchizat, hərbi infrastruktur və kadr potensialının hazırlanması sahəsində xidmətlərinin və bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqli davamının bu gün ölkəmizə hərbi qələbələr qazandıran tarixi həqiqətə çevrildiyini bildirmişdir.