2021-01-22

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Türkmənistana səfərinə dair məlumatı

Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri baş tutub.

Səfər çərçivəsində Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Anlaşma Memorandumu hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.

Səfər zamanı Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov nazir Ceyhun Bayramovu qəbul edib.

Prezident Qurbanqulu Berdiməhəmmədov iki ölkə münasibətlərinin hazırkı vəziyyətini çox yüksək qiymətləndirirərək, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında əməkdaşlıq, dostluq və qarşılıqlı dəstək prinsipləri əsasında inkişaf edən münasibətlərin müsbət dinamikasını vurğulayıb, bu xüsusda son 3 il ərzində həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərləri və imzalanmış 50-dən çox sənədi qeyd edib.

Görüşdə, həmçinin dövlətlərimizin regional əməkdaşlıq formatlarında iştirakı, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib.

İkitərəfli əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı xüsusilə qeyd olunub.

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib. Görüşdə Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması, iki dövlət arasında enerji sahəsində əməkdaşlığın möhkənləndirilməsi, habelə bölgədə beynəlxalq tərəfdaşlığın inkişafı baxımından yüksək əhəmiyyəti vurğulanıb.

Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsi kimi qeyd olunub. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirdiyi və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Tərəflər, regional əməkdaşlıq, o cümlədən üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu ilin yanvarın 16-da Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin imzalanmasına istinad edilərək, bu xüsusda tədbirlərin icrası məsələləri müzakirə edilib.

Görüşdə tərəflər ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Arxiv üzrə axtarış