2021-02-25

Latviyanın aparıcı “Riga TV 24” telekanalında Xocalı soyqırımı 29-cu ildönümü ilə əlaqədar sənədli film nümayiş etdirilmişdir

Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin sifarişi ilə Latviyanın aparıcı “Riga TV 24” telekanalında Xocalı soyqırımı 29-cu ildönümü ilə əlaqədar sənədli film nümayiş etdirilmişdir (Heydər Əliyev Fondunun istehsalı).

Latış dilinə dublyaj edilmiş və “Xocalı Soyqırımı” adı ilə elan və nümayiş etdirilən filmdə Xocalı soyqırımının vaxtilə Holokost, habelə Ruanda və Srebrenitsada törədilmiş soyqırımı hadisələri ilə müqayisəsi aparılmış, insanlıq əleyhinə olan bu cinayətlərin ümumi cəhətləri və qurbanları barədə məlumat verilmişdir. Həmçinin filmdə ermənilərin Azərbaycan torpaqlarına köçürülmə tarixi, uzun illər ərzində ölkəmizə qarşı ərazi iddiaları, hərbi ekspansiya və etnik təmizləmə siyasəti, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti və təfərrüatları barədə geniş məlumat verilmişdir. Xüsusilə Xocalı şəhərinin hərbi işğalının təfərrüatları geniş izah edilərək, bu gün yer üzündən silinmiş bu şəhərin mülki əhalisinə qarşı törədilən kütləvi qırğın və işgəncələrdən geniş bəhs edilmişdir.

Filmin sonunda Xocalı soyqırımı ilə əlaqədar Səfirliyin Latviya və dünya ictimaiyyətinə müraciəti yayılmışdır. Müraciətin fonunda telekanal tərəfindən əlavə video materiallar nümayiş etdirilmişdir. 

Müraciətdə Xocalı soyqırımının dünyanın bir sıra ölkəsinin parlamenti tərəfindən qınanılmasına diqqət çəkilərək, bu xüsusda Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun təşəbbüsü ilə Seymin 53 deputatı tərəfindən imzalanmış və Xocalı soyqırımını insanlıq əleyhinə cinayət olaraq tanıyan 26 fevral 2015-ci il tarixli bəyanatına görə təşəkkür ifadə edilmişdir.

Həmçinin müraciətdə ötən il Azərbaycan torpaqlarının hərbi işğaldan azad edilməsinə diqqət çəkilərək, 10 Noyabr tarixli üçtərəfli Birgə Bəyanatla iki ölkə arasında yaşanan hərbi münaqişəyə son qoyulduğu bildirilmişdir. Bu xüsusda Ermənistan tərəfinin Birgə Bəyanatın şərtlərinə ciddi əməl etməsinin vacibliyi vurğulanaraq, dünya ictimaiyyəti tərəfindən bu ölkə qarşısında aşağıdakı tələblərin səsləndirilməsinə çağırış edilmişdir:

- İki dövlət arasında mehriban qonşuluq münasibətlərinin əsası olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünə hörmət etmək;

-  bütün hərbi əməliyyatların dayandırılmasını  şərtləndirən 10 Noyabr tarixli üçtərəfli Birgə Bəyanatın tələblərini pozaraq Ermənistanın sözügedən bəyanatın imzalanmasından təxminən 20 gün sonra Azərbaycan ərazilərinə təxribat və terror qrupları göndərdiyini nəzərə alaraq, bu cür fəaliyyətlərə son qoymaq;

- bölgədə sülh, təhlükəsizlik və qarşılıqlı etimadın bərqərar edilməsi naminə revanşist siyasət və ritorikadan imtina etmək,

- 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin hərbi işğalı zamanı itkin düşmüş 3890 Azərbaycan vətəndaşının taleyi və kütləvi dəfn yerləri barədə məlumat vermək;

- beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş torpaqlarında Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrini təqdim etmək;

- üçtərəfli Birgə Bəyanatın tam həyata keçirilməsi, bu xüsusda bölgədə və xalqlar arasında sülh və qarşılıqlı etimad mühitinin bərqərar edilməsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq və azadlıqların təminatı ilə münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan Azərbaycanın erməni əsilli əhalisinin Azərbaycanın siyasi, sosial və iqtisadi məkanına  reinteqrasiyası prosesinə sadiq qalmaq.

Qeyd edilməlidir ki,  “RīgaTV 24” kanalı Latviyada əsasən ictimai və siyasi diskussiya proqramları və sənədli filmlər təqdim edən unikal bir televiziya kanalıdır və kanal həftənin aktual mövzuları üzrə latviyalı liderlərin gündəlik şərhlərini ictimaiyyətə təqdim edir.

Həmçinin qeyd edilməlidir ki, Xocalı soyqırımı ilə bağlı “RīgaTV 24” kanalında nümayiş etdirilən filmin video yazısı Latviyada ən son xəbərlər, kəskin siyasi müzakirələr, maraqlı əyləncə və idman proqramlarını  bir araya gətirərək təkrar nümayiş etdirən və ölkədə əsasən xəbər proqramlarının təkrar izləyiciləri arasında tanınmış “XTV.LV” video-xəbər platformasında yerləşdirilmişdir:

 

https://xtv.lv/rigatv24/video/mKrpYPqvG0W-hodzali_genocids

Arxiv üzrə axtarış