2021-03-31

Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin sifarişi ilə Latviyanın aparıcı “Riga TV 24” telekanalında 31 Mart azərbaycanlıların soyqırımı günü münasibətilə sənədli film nümayiş etdirilmişdir.

Latış dilinə dublyaj edilmiş və “31 Mart azərbaycanlıların soyqırımı günü” adı ilə elan və nümayiş etdirilən filmdə Stepan Şaumyan və onun əlaltısı Stepan Lalayanın rəhbərliyi altında Bakı Sovetinin bölşeviq-daşnaq ittifaqında birləşən erməni silahlı qruplaşmaları tərəfindən Azərbaycanın Bakı, Quba, Şamaxı və digər şəhərlərində yaşayan dinc azərbaycanlı əhalisinə qarşı kütləvi qırğınların törədildiyi diqqətə çatdırılmışdır. Vahid plan və ssenari üzrə on minlərlə insanın qətlə yetirildiyi bu qırğınların əsas məqsədinin etnik təmizləmələr aparmaqla tarixi türk torpaqlarına sahiblənmək məqsədi daşıdığı qeyd edilərək, bütün bu vəhşiliklərə dair istintaq sənədləri, foto materiallar və aşkar edilmiş kütləvi məzarlıqlar barədə geniş məlumat verilmişdir. Təkcə Şamaxı şəhərində 8-10 min dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyi geniş şəkildə izah edilmiş, bu qırğınların əsas məqsədinin böyük Ermənistan xülyalarına xidmət etdiyi bildirilmişdir.  

Qeyd edilməlidir ki,  “RīgaTV 24” kanalı Latviyada əsasən ictimai və siyasi diskussiya proqramları və sənədli filmlər təqdim edən unikal bir televiziya kanalıdır və kanal həftənin aktual mövzuları üzrə latviyalı liderlərin gündəlik şərhlərini ictimaiyyətə təqdim edir.

Həmçinin qeyd edilməlidir ki, soyqırım ilə bağlı “RīgaTV 24” kanalında nümayiş etdirilən filmin video yazısı Latviyada ən son xəbərlər, kəskin siyasi müzakirələr, maraqlı əyləncə və idman proqramlarını  bir araya gətirərək təkrar nümayiş etdirən və ölkədə əsasən xəbər proqramlarının təkrar izləyiciləri arasında tanınmış “XTV.LV” video-xəbər platformasında yerləşdirilmişdir.

 

https://xtv.lv/rigatv24/video/6M5GnzVvGoz-31_marts_azerbaidzanu_genocida_diena

Arxiv üzrə axtarış