2021-08-09

Səfir Cavanşir Axundov Latviya Respublikasında diplomatik missiyasının başa çatması ilə əlaqədar Latviya Seyminin Sədri xanım İnara Murnietse ilə nəzakət- vida görüşü keçirmişdir.

Səfir C.Axundovu səmimiyyətlə salamlayan xanım İ. Murnietse Azərbaycan – Latviya münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi. Səfirin bu istiqamətdəki səylərini və xüsusən də “iki ölkə arasında siyasi dialoqun möhkəmlənməsinə verdiyi şəxsi töhfəni” yüksək qiymətləndirən spiker, onun fəaliyyəti dövründə iki ölkə arasında qarşılıqlı səfərlər və görüşlər də daxil olmaqla təmasların müntəzəm xarakter daşıdığını qeyd etdi.

Azərbaycana son səfərini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, habelə AR Milli Məclisinin sədri və digər dövlət rəsmiləri ilə səmərəli görüşlərini məmnunluqla xatırlayan xanım Spiker Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşdü.

Söhbət əsnasında AR Milli Məclisinin Sədri xanın Sahibə Qafarovanın Latviya Respublikasına rəsmi səfərə dəvət edildiyini xatırladan və bu səfərə məmnuniyyətlə hazırlaşdıqlarını qeyd edən xanım Spiker bu dəvətin azərbaycanlı həmkarına bir daha çatdırılmasını xahiş etdi.

İki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu ifadə edən spiker, parlamentlərarası dostluq qrupunun sədri Roman Naudinşin xidmətlərini yüksək qiymətləndirərək iki ölkənin parlament işçi qruplarının sıx əməkdaşlığını vurğuladı. “Bu, həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq təşkilatlarda fəal parlament dialoqu inkişaf etdirməkdə qarşılıqlı marağımızı təsdiq edir”, - deyə spiker vurğuladı.
Xanım Murnietse Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndiyini, Şərq Tərəfdaşlığı siyasətinin əhəmiyyətini qeyd etdi. İ.Murnietse Avropa İttifaqı ilə Azərbaycan arasında Hərtərəfli Saziş üzərində işlərin yaxın vaxtlarda başa çatacağına ümid etdiyini bildirdi.
Həmçinin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına ölkəsinin marağını ifadə edən və bu baxımdan hər iki ölkənin işgüzar dairələri arasında birgə təmasların əhəmiyyətini vurğulayan xanım Spiker bu əlaqələrin gələcək inkişafına inandığını söylədi.

Öz növbəsində, səfir Cavanşir Axundov Latviya Respublikasında gördüyü işlərə verilən yüksək qiymətə görə xanım Murnietseyə təşəkkürünü bildirdi. Cənab səfir Latviyada konstruktiv, dostluq əlaqələrinin qurulduğunu və ölkədən müsbət təəssüratlarla ayrıldığını qeyd etdi. İşlədiyi müddət ərzində hər iki ölkənin dövlət başçılarının, parlamentlərin spikerlərinin, xarici işlər nazirlərinin və digər yüksək dövlət rəsmilərinin səfərlərinə və görüşlərinə toxunan səfir, iki ölkə arasında imzalanmış mühüm razılaşmaları xatırladaraq, yüksək səviyyəli təmasların ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğuladı.
Vətən müharibəsi dövründə Latviya tərəfinin ölkəmizin haqq səsinə verdiyi dəstəyə və xüsusilə Latviya Respublikası Baş nazirinin müavini və Müdafiə naziri cənab Artis Pabriks başda olmaqla Latviya Seyminin deputatları cənab Roman Naudinş, cənab Armands Krauze və cənab Aleksandr Kirşteyns və digər yüksək dövlət və parlament rəsmiləri səviyyəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə verilən beynəlxalq dəstəyə görə qarşı tərəfə təşəkkürünü bildirən səfir bunun ikitərəfli əlaqələrimizin yüksək səviyyəsindən xəbər verdiyini bir daha diqqətə çatdırdı.

Prezident cənab İlham Əliyevin başçılığı altında 44-günlük Vətən müharibəsində qazanılan zəfərin nəticəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gedən böyük bərpa-quruculuq işləri, nəqliyyat və sənaye-infrastruktur layihələri barədə həmsöhbətinə geniş məlumat verən səfir bu yaxınlarda Latviya Respublikasından parlament deputat qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərini yüksək qiymətləndirib, onların erməni vandalizminin canlı şahidi olduğunu və bütün bunlar barədə Latviya və dünya ictimaiyyətini məlumatlandırdığını diqqətə çatdırdı.

Söhbətin sonunda C.Axundov, xanım Sahibə Qafarovanın Latviya Respublikasına səfərə dəvət edilməsi ilə bağlı bir daha minnətdarlığını bildirdi.

 

 

Arxiv üzrə axtarış