2021-11-15

Azərbaycan səfiri Latviya Parlamentinin sədri ilə görüşüb

 

Oktyabrın 5-də Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkənin Seyminin sədri İnara Murnietse ilə görüşüb.

Görüşdə hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də iqtisadi-ticari əlaqələr, turizm və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Seymin sədri İnara Murnietse Elnur Sultanovu Latviyaya səfir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

İnara Murnietse Azərbaycan və Latviya parlamentləri arasında sıx əməkdaşlığın olduğuna diqqət çəkərək, cari il sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ilə Vyanada görüş keçirdiyini bildirib və bu təmasların gələcəkdə də davam etdirilməsinə maraqlı olduğunu vurğulayıb. O, Latviya Seymində deputat Romans Naudinşin rəhbərlik etdiyi Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun parlamentlərarası əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Səfir Elnur Sultanov təbrikə görə təşəkkürünü bildirib, Latviyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu və ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd edib. Elnur Sultanov deputat Romans Naudinşin rəhbərliyi ilə nümayəndə heyətinin bu ilin iyununda ölkəmizə səfərinin əhəmiyyətini vurğulayıb və parlamentlərarası təmasların davam etdirilməsinin vacibliyini bildirib.

Həmçinin səfir 44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu və münaqişənin həll edildiyini diqqətə çatdırıb. Səfir Elnur Sultanov, həmçinin azad edilmiş torpaqlarda irimiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi haqqında məlumat verib.

Qeyd: Görüşlə bağlı foto və video Latviya Seyminə məxsusdur.

Arxiv üzrə axtarış